Xarici dil imtahanı nümunəsində sistemli problem
Son illərdə təhsil sahəsində qəbul edilən bəzi qərarlar göstərir ki, əsas problem resurs çatışmazlığından əlavə, həm də qərarvermə texnologiyasının zəifliyidir. Xüsusi ilə buraxılış imtahanlarına xarici dilin daxil edilməsi ətrafında yaranan müzakirələr bu problemin sistemli xarakter daşıdığını açıq şəkildə ortaya qoyur. Bu məsələni yalnız bir imtahan dəyişikliyi kimi qiymətləndirmək düz olmazdı. Əslində, burada problem daha dərindir. Bu elmi əsaslı təhsil siyasətinin olmamasını göstərir.
Təhsil qərarları elmi yox, intuitiv əsaslara söykənir. Müasir təhsil sistemi mürəkkəb sosial mexanizmdir və burada hər bir dəyişiklik uzunmüddətli təsir yaradır. Lakin təqdim olunan mətn göstərir ki, strateji qərarlar çox vaxt tədqiqatlara deyil, intuisiya və inzibati təsirlərə əsaslanır. Bu isə iki ciddi nəticə doğurur: sistem çətin proqnozlaşdırılan hala gəlir və qərarların təsiri əvvəlcədən ölçülmür. Belə yanaşma ilə verilən qərarlar islahat deyil, əslində riskli eksperimentlərdir.
Xarici dil prioritetinin struktur uyğunsuzluğu. Xarici dil biliklərinin əhəmiyyətini inkar etmək olmaz. Lakin problem onun təhsil sistemində prioritet kimi yanlış mövqeyə gətirilməsidir. Səmərəli təhsil modellərində əvvəl fundamental biliklər, sonra isə əlavə səriştələr aşılanır. Bizdə isə tez-tez bunun əksi baş verir, gənclərdə riyazi biliklər və analitik düşüncəsi zəif olsa da, xarici dil tələbləri artırılır.
Bu vəziyyət sistemdə asimmetrik yük yaradır və nəticədə əsas biliklər zəifləyir, əlavə bacarıqlar isə formal xarakter daşıyır.
Doktorantura səviyyəsində paradoks
Fasiləsiz təhsil ssisteminin ən zəif nöqtələrindən biri doktorantura sistemidir. Xarici dil üzrə yüksək tələblər ixtisas biliklərini arxa plana keçirir, seçim filtrini yanlış qurulur. Nəticədə, elmi potensialı yüksək olan namizədlər kənarda qalır, dil biliyi yüksək olan, amma tədqiqat qabiliyyəti zəif şəxslər önə çıxır. Bu isə təhsildə məqsəd və vasitənin yerini dəyişməsi deməkdir.
“Zəncirvari effekt” . Təhsil sistemində ən təhlükəli məsələ birbaşa deyil, dolayı təsirlərdir. Belə ki, xarici dil tələbi artır, tələbə fokusunu dəyişir, nəticədə ixtisas bilikləri zəifləyir, elmi işlərin keyfiyyəti aşağı düşür və akademik sistem zəifləyir.
Bu proses sistem nəzəriyyəsində “ikinci dərəcəli təsirlər” kimi tanınır və çox vaxt ilkin qərardan daha dağıdıcı olur.
Texnologiya reallığı və köhnə yanaşma. Bugünkü dünyada süni intellekt, avtomatik tərcümə dil baryerini əhəmiyyətli dərəcədə azaldır. Bu isə yeni bir reallıq yaradır, yəni xarici dil artıq giriş filtri deyil, inkişaf alətidir Lakin təhsil sistemi hələ də köhnə modeldə qalaraq dili seleksiya vasitəsinə çevirir. Bu isə strateji uyğunsuzluqdur.
Əsas problem sistemin özündədir. Problem konkret qərarda deyil, onu yaradan mexanizmdədir. Bu mexanizmin əsas çatışmazlıqları elmi ekspertizanın yoxluğu (çünki, son 10 ildə ARTİ çökdürülüb), ictimai müzakirə yoxdur (çünki, ETNölkədə nə alim, nə də ekspert tanışır), pilot tətbiqlər aparılmır (çünki, buna pul ayrılmır), data əsaslı qərarvermə mövcud deyil (çünki, datalar saxtadır). Yəni, sistem (əgər buna system demək mümkünsə) tam xaotik haldadır, bu səhvlərdən də nəticə çıxarmır (çünki, səhvlərə qarşı yox, tənqidə qarşı barışmaz prinsipiallıq edir).
Xilas yolu varmı? Problemin həllində strateji yanaşma olmalıdır.
1. Elmi filtr olmalıdır, hər bir qərar tədqiqat əsaslı olmalıdır.
2. Prioritetlər dəyişməlidir, baza biliklər önə çəkilməlidir.
3. Doktorantura pilləsində islahat aparılmalıdır, fokus tədqiqata yönəlməlidir
4. Adaptiv modellər yaradılmalıdır, sahələr üzrə fərqli tələblər tətbiq olunmalıdır
Bu yanaşmalar tətbiq olunmadan hər hansı islahat sadəcə kosmetik dəyişiklik olaraq qalacaq. Təhsil sistemində əsas problem səhvlərin olması deyil, əsas problem səhvlərin etiraf edilməməsi, görünməməsi, səhvlərdən nəticələr çıxarılmaması, səhvlərin necə və hansı mexanizmlərlə həllinin qeyri müəyyənliyidir. Ona görə də son 30 ildə, təhsildə heç bir inkişf yoxdur.
Bir strateji səhv təkcə imtahan sistemini yox, bütöv təhsil ekosistemini dəyişə bilər.
Təhsil siyasəti fərdi qərarlarla deyil, kollektiv intellekt və elmi rasional yanaşma ilə formalaşmalıdır. Əks halda, ən yaxşı niyyətlə verilmiş qərarlar belə sistem üçün uzunmüddətli riskə çevriləcək.
Dosent İlham Əhmədov









