“Chaila” restoranında oğurluq: Müştəriyə 1310 manat ziyan vurdular

“Chaila” restoranında oğurluq: Müştəriyə 1310 manat ziyan vurdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonunda yerləşən “Chaila” restoranında oğurluq hadisəsi baş verib.

Tribuna.az xəbər verir ki, restoranda müştərilərdən birini pul kisəsi oğurlanıb. Nəticədə həmin şəxsə 1310 manat maddi ziyan dəyib.

Hadisədən sonra zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan araşdırmalar nəticəsində oğurluq əməlində şübhəli bilinən şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) ilə ittiham elan edilib. Cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, müttəhim hadisə günü tanışı ilə birlikdə restoranda olub. Onlar zərərçəkmiş L.İ. və onun tanışları ilə eyni otaqda əyləşiblər. Bir müddət sonra otaqda olan şəxslərdən bir neçəsi çölə çıxıb, daha sonra isə zərərçəkmiş də telefon danışığı üçün otağı tərk edib.

İttihama görə, həmin vaxt təqsirləndirilən şəxs tanışı ilə qadının otaqda asılmış gödəkçəsinin cibində pul kisəsinin olduğunu görərək oğurluq etmək qərarına gəlib. Onların əvvəlcədən razılaşmasına əsasən, tanışı qapı yaxınlığında dayanaraq ətrafı müşahidə edib, təqsirləndirilən şəxs isə otağa daxil olaraq pul kisəsini götürüb.

Pul kisəsinin içərisində 1300 manat nağd pul, şəxsiyyət vəsiqəsi, eləcə də bir neçə bank kartı olub. Daha sonra onlar pul kisəsini açaraq nağd pulu öz aralarında bölüşdürüblər. Təqsirləndirilən şəxsin ifadəsinə görə, pulun 500 manatını tanışı, 800 manatını isə özü götürüb və şəxsi ehtiyaclarına xərcləyib.

Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində bildirib ki, otağa qayıdarkən təqsirləndirilən şəxs və tanışının tələsik şəkildə oranı tərk etdiklərini görüb. Bundan şübhələnərək gödəkçəsinin cibini yoxlayıb və pul kisəsinin oğurlandığını aşkar edib. O, dərhal polisə məlumat verib və bank kartlarını bloklatdırıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilib. O, maddi sıxıntı səbəbindən oğurluq etdiyini etiraf edib, əməlindən peşman olduğunu və zərərçəkmişə dəymiş maddi ziyanı tam ödədiyini bildirib.

Zərərçəkmiş L.İ. də məhkəmədə təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və artıq heç bir şikayət və tələbinin olmadığını deyib.

Məhkəmə müttəhimi 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Onun ibtidai istintaq dövründə tutulma altında saxlanıldığı 2 gün müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Qaynarinfo