Ölkədə yeni tədris ilinə sayılı günlər qalıb və Bakının poliklinikalarında bir qələbəlik müşahidə olunur. Buna səbəb təhsil ocaqlarının şagirdlərin tibbi arayışlarını tələb etməsidir. Bu da şəhərin ayrı-ayrı poliklinikalarında uzun növbələrin, saatlarla gözləmək məcburiyyətinin yaranmasına səbəb olur.
Tribuna.az xəbər verir ki, hazırda TƏBİB-in tabeliyində olan sözügedən tibb müəssisələrində xaos və bərbad idarəçilik hökm sürməkdədir. Bu da vətəndaşların stress, əsəb keçirməsinə, saatlarla gözləməkdən cana doymasına gətirib çıxarmaqdadır. Çünki idarəçilik o dərəcədə bərbad təşkil olunub ki, vətəndaşlar səhər tezdən növbəyə yazılmağa gəlsələr də, yenə də qəbula düşmək uzun vaxt tələb edir. Bu da bir tibbi arayış almaq üçün ayrı-ayrı həkimlərin müayinəsindən keçmək nəticəsində azı 4-5 saat itirmək deməkdir. Vətəndaşlar bildirirlər ki, səbəb həm TƏBİB-in qəbul şöbəsində işçi sayının az olması, həm də kompüter avadanlıqlarının köhnə, ağır işləməsindən irəli gəlir. Halbuki TƏBİB maddi-texniki bazanın yaxşılaşdırılması üçün tenderlər keçirir, amma reallıqda nə qəbul şöbələrində əməkdaşların, nə kompüterlərin sayı artırılır. Nəticədə yüzlərlə vətəndaş iki əməkdaşın qeydiyyat prosesini gözləməyə məcbur qalır. Bu da böyük əziyyət və işgəncə deməkdir. Əgər TƏBİB rəhbərliyi həmin vətəndaşların yerində olsa və bu mənzərəni görərsə, dərhal poliklinikanı tərk edər. Amma çarəsiz vətəndaşlar övladlarının məktəbi üçün tibbi arayış almağa görə gözləməyə məhkumdurlar. Bundan əlavə, qeydiyyatdan sonra uzun bir həkim müayinələri başlayır. Bura USM-dən tutmuş qan analizinə, ürək, göz və s. orqanların yoxlanması daxildir. Beləliklə, hər həkim otağının qarşısında beləcə saatlarla növbələr yaranır. Yəni bu növbələr yarım saat olsa cəhənnəm, daha uzun çəkir. Bu da insanların əsəblərini tarıma çəkir. Axı dünyanın hansı zəmanəsidir ki, bir arayış görə vətəndaş saatlarını itirməli olsun?!
İndi elektronlaşma, süni intellekt, müasir texnologiya dövrüdür və TƏBİB rəhbəri Anar Bayramov heç olmasa Avropa təcrübəsinə, Çin, Yaponiya modelinə nəzər yetirsin, Sinqapur və başqa inkişaf etmiş dövlətlərin səhiyyə sistemindən gör-götür etsin. Amma yox, sanki Xruşşov dövrüdür, yarıtmaz sistem qalıb və insanları mənasız yerə incidirlər. Hazırda poliklinikalarda bütün həkim otaqlarının qarşısında uzun növbələr müşahidə olunur. Bu, həftənin istənilən gününə aiddir. Halbuki TƏBİB rəhbərliyi ən azından yeni tədris ili ərəfəsi olduğunu nəzərə alaraq, gücləndirilmiş iş rejiminə keçid edə bilərdi. Bunu da etmək mümkün deyil? Yəni bütün rəhbərlik şahiddir ki, dərslərə görə müvəqqəti axın var, tələbat və müraciət çoxdur.
O zaman yaxın 1 ay ərzində gücləndirilmiş iş rejiminə keçmək, tibbi personajın tərkibini genişləndirmək olardı ki, vətəndaşlar sürətli şəkildə müayinələrdən keçsin, heç kəs əziyyət çəkməsin. Elə vətəndaş qədər həkimlər və qeydiyyat şöbəsində olanlar da çətinlik çəkirlər. Çünki bu qədər vətəndaşı kiçik bir heyətin qəbul etməsi olduqca çətindir. Yəni bir yox, bir neçə USM həkimi, laborant, kardioloq və s. artırmaq mümkündür. Necə ki, bayram günləri və ya hər hansı tədbirlər olanda polis, metro və s. gücləndirilmiş iş rejiminə keçir, bunu müvəqqəti olaraq Anar Bayramovun TƏBİB-i də tətbiq etməliydi.
Lakin hələ başı baş həkimləri çıxarmağa, öz heyətini formalaşdırmağa qarışan rəhbərliyin yadına düşmür ki, ilk növbədə vətəndaşların qayğısına qalmaq, onların məmnuniyyətini nəzərə almaq vacibdir. Onsuz da 15 sentyabrdan sonra heç kəsə həmin tibbi arayış lazım olmayacaq. Deməli, qısamüddətli gücləndirilmiş iş rejiminə keçmək mümkün idi. Amma göründüyü kimi, TƏBİB dərdə dərman deyil, zülmdür…
Tribuna.az
Həsən Ağa










