İdman jurnalistləri “Qızıl top” mükafatına layiq görülən İngiltərə millisinin və “Bayer Münhen”in hücumçusu Harri Keynin bu mükafatı almasını dəyərləndirib.
Tribuna.az xəbər verir ki, idman yazarı Natiq Muxtarlı Harri Keynin bu mükafata layiq olmadığını hesab edir. O fikrini belə əsaslandırıb:
“Qızıl top”un səsverməsi “Avroviziya”nın səsverməsinə bənzəyir artıq. Heç bir ədalət prinsipi yoxdur.
Çempionlar Liqasının qalibi PSJ-dir, Dünya çempionu isə İspaniya yığması. Amma “Qızıl top”u Almaniyada çoxlu qol vuran Harri Keyn qazanır.
Rəqabətin olmadığı Bundesliqada “Bayern”in heyətində istənilən hücumçu çoxlu qol vurur. Levandovski vurmurdu?
ÇL, DÇ-nin qalibi olmaq asandır? Bu turnirlər o qədər əhəmiyyətsizdir ki, Bundesliqanın bomabrdirinə “Qızıl top” verilir? Kimə lazımdır Keynin vurduğu qollar ki, nə “Bayern” ÇL-in qalibi olub, nə də İngiltərə dünya çempionu.
“Qızıl top” artıq sayasi mükafatdır. Təqdimat Londonda keçirilirsə, qalibin də ingilis olmasından böyük siyasət yoxdur”.
Digər idman jurnalisti Kənan Məstəliyev isə fərqli düşünür:
“Harri Keyn qazandı “Qızıl top”u.
Cəngavər haqq etdi. Fantastik hücumçu, hücumçu mövqeyinə baxışı dəyişdirən futbolçu. Sevindim ona görə”.
Nigar İxtiyarqızı











