Zelenskiydən ABŞ-a ittiham: Raket tədarükü süni şəkildə gecikdirilir

Zelenskiydən ABŞ-a ittiham: Raket tədarükü süni şəkildə gecikdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenskiy ABŞ-ın Ukraynaya göndərilməsi nəzərdə tutulan hava hücumundan müdafiə raketlərinin tədarükünün gecikdiyini bildirib. Onun sözlərinə görə, Kiyev artıq təxminən bir aydır ki, “Patriot” və NASAMS sistemləri üçün raketlərin göndərilməsinə razılıq verilməsini gözləyir.

 Tribuna.az  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Zelenskiyin sözlərinə görə, ABŞ-ın müharibə naziri Pit Heqsetin təsdiqini gözləyən raketlər Ukraynanın müttəfiqləri tərəfindən maliyyələşdirilib. Ukrayna lideri məsələni Vaşinqtonla yenidən müzakirə etmək üçün komandasına tapşırıq verdiyini bildirib.

Prezident qeyd edib ki, Kiyev digər tərəfdaş ölkələrlə də danışıqları davam etdirir. Hava hücumundan müdafiə raketləri Ukrayna üçün xüsusi əhəmiyyət daşıyır. “Patriot” sistemləri, xüsusilə, Rusiyanın ballistik raket hücumlarının qarşısının alınmasında istifadə olunur.

Bundan əvvəl “Kyiv Independent” nəşri Ukrayna rəsmilərinə istinadən raketlərin göndərilməsinin gecikdirildiyini yazmışdı. Nəşrin mənbələri gecikmənin Kiyevə siyasi təzyiq göstərilməsi ilə əlaqəli ola biləcəyini ehtimal ediblər. Bununla belə, gecikmənin səbəbinin siyasi qərar olduğu müstəqil şəkildə təsdiqlənməyib.

ABŞ-ın müdafiə naziri Pit Heqset isə daha əvvəl Vaşinqtonun Ukraynaya münasibətdə siyasətinin dəyişmədiyini bildirib. O, ABŞ-ın öz hərbi qüvvələrinin ehtiyacları üçün kifayət qədər raket ehtiyatının olmasını təmin etməyə çalışdığını vurğulayıb.

Qeyd edək ki, Ukrayna Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə hücumları fonunda hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə çalışır.

İmran Kərimli