Azərbaycanda tikinti layihələrinin icrasında gecikmələrin səbəbləri araşdırılacaq, icazə prosedurlarının sadələşdirilməsi və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi istiqamətində təkliflər hazırlanacaq.
Tribuna.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasına Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edəcək. Komissiya altı ay ərzində təkliflərini hazırlayaraq dövlət başçısına təqdim etməlidir.
Ekspertlər hesab edir ki, tikinti sahəsində əsas problemlərdən biri müxtəlif qurumlar arasında razılaşdırma proseslərinin uzanması, sənədləşmə prosedurlarının mürəkkəbliyi və layihələrin icrasında vaxt itkisidir. Bu amillər həm dövlət layihələrinin gecikməsinə, həm də özəl investorların əlavə xərclərlə üzləşməsinə səbəb olurdu.
Ekspertlər hesab edir ki, koordinasiya mexanizminin təkmilləşdirilməsi qurumlar arasında məsuliyyət bölgüsünün dəqiqləşdirilməsinə, icazələrin alınması müddətinin qısaldılmasına və bürokratik maneələrin azalmasına kömək edə bilər. Rəqəmsal həllərin genişləndirilməsi isə sənədlərin hərəkətinə nəzarəti asanlaşdıra, şəffaflığı artıra bilər.
Gülşən Rəsul








