İctimai nəqliyyatda gediş haqlarının artırılmasının hər hansı yaxşı nəticəsi olmayacaq. Bu artım ictimai nəqliyyatın maliyyə-iqtisadi çətinliklərini həll etməyəcək.
Tribuna.az xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov bildirib. O qeyd edib ki, istər metroda, istərsə də avtobusla bir səyahətin maya dəyəri artımdan sonrakı gediş haqqından da çoxdur. Belə olan halda yeganə gəlir mənbəyi həmin gediş haqları olan daşıyıcılar yenə də mənfəət əldə edə bilməyəcəklər, zərərlə işləyəcəklər, yaxud zərərlə işləməmək üçün bu sahəni tənəzzülə aparan və xərcləri azaldan addımlar atacaqlar:
“Yenə də avtobusların hamısı xəttə çıxa bilməyəcək, intervallar artacaq, pik saatlarından kənar vaxtlarda (avtobusun yarıboş hərəkət edəcəyi hallarda) küçələrdə avtobus tapılmayacaq, sınıq-salxaq avtobuslar istismarda qalacaq və s. Nəticədə ictimai nəqliyyat xidmətinin keyfiyyəti aşağı düşəcək.
İctimai nəqliyyat sahəsi nəinki inkişaf etməyəcək, hətta əksinə çökməkdə davam edəcək. Axı avtobus parkı hər keçən gün bir az da köhnəlir, texniki qulluq xərci bir az da artır və s.
Bu artımdan sonra da ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin qalxmasını gözləməyə dəyməz. Deməli, xidmət keyfiyyətinin ən yaxşı halda indiki kimi qalacağı (real gözlənilən halda isə müəyyən müddətdən sonra tədricən pisləşəcəyi) təqdirdə artan gediş haqları əhalinin ictimai nəqliyyatdan uzaqlaşmasını stimullaşdıracaq”.
Ə.hüseynov bildirib ki, taksilərdən və fərdi avtomobillərdən istifadə artacaq:
“Küçələrdə fərdi avtomobil və taksi sayının artması isə tıxacların artması və daha sürəkli xarakter alması deməkdir. İctimai nəqliyyatla bağlı məsələyə hökümətin yanaşması ciddi dəyişməsə, bu ilin sentyabrında ötən ilkindən daha eybəcər tıxaclara şahidlik etməyimiz realdır.
Gediş haqlarının indiki artımı və Tarif Şurasının fəaliyyət təcrübəsi onu deməyə əsas verir ki, hökümətin ictimai nəqliyyatın iqtisadi vəziyyəti ilə bağlı məsələyə yenidən qayıtması haradasa 3-4 ildən sonra olacaq. Əgər belə olarsa, ölkənin, xüsusən də Bakının ictimai nəqliyyatı tam çökəcək. Özəl daşıyıcılar sadəcə ifalasa uğrayaraq bu sahədən çəkiləcəklər. Yeni özəl daşıyıcıların indiki şərtlərlə bu sahəyə gələməsi isə təsəvvür edilən bir şey deyil”.
Ekspert bildirib ki, bu sahəyə dövlətin yanaşması radikal olaraq dəyişməlidir:
“İctimai nəqliyyatın yalnız gediş haqları hesabına maliyyələşdirilməsi yığışdırılmalı, dövlətin bu sahəyə çevik və ciddi maliyyə dəstəyi (subsidiya və ya dotasiya, yaxud başqa bir real formada) mexanizmi yaradılmlı və həyata keçirilməldir. Bu sahəyə biznes kimi baxılmamlıdır. Bu sahədə xərclənən pulun birbaşa olaraq insan inkişafına, həyat keyfiyyətinin yaxşılaşmasına xərcləndiyi dərk edilməlidir. Əks təqdirdə bu sahə çökəcək”.
Tribuna.az










