Bu layihə son bir neçə ildə kameralar vasitəsilə dayanma və durma qaydalarını pozmaya görə cərimə yazılmasını qanuniləşdirməyə yönəlib. Lakin dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi ciddi mübahisələr doğuracaq.
Bu barədə Tribuna.Az-a yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov danışıb. Milli Məclisdə müzakirə olunan dayanma və durma qaydalarının pozulmasına görə sürücülər barəsində elektron qərarların tətbiqi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklifini dəyərləndirən hüquqşünas bildirib ki, bu dəyişiklik ötən il də plenar iclasda müzakirəyə çıxarılmışdı.
Ə.Hüseynov qeyd edib ki, əgər bu dəyişiklik parlamentdə qəbul olunarsa, dayanma və durma qaydaları pozulduqda da kamera vasitəsilə foto və ya video çəkiliş edilməklə sürücü barəsində elektron qərar (sürət həddini aşma, qırmızı işıqdan keçmə və s. halında olduğu kimi) tərtib ediləcək:
“Layihə təxminən bir il əvvəl Milli Məclisin plenar iclasında müzakirəyə çıxarıldı, hətta birinci oxunuşdan da keçdi. Amma daha sonra bu layihədən heç bir soraq gəlmədi. Özü də həmin layihə zərf halında idi: həm dayanma və durma ilə bağlı bəzi məsələlərin dəqiqləşdirilməsi üçün “Yol hərəkəti haqqında” Qanuna, həm də inzibati məsuliyyətə cəlb etmə ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi var idi. Haqqında danışılan həmin layihədir, yoxsa yox, bu barədə heç nə deyilmir. Layihə mətni əlimizdə olmadığından dəqiq nəsə demək çətindir.
Yəqin ki, bu layihə İXM-də nəzərdə tutulmasa da, son bir neçə ildə kameralar vasitəsilə dayanma və durma qaydalarını pozmaya görə cərimə yazılmasını qanuniləşdirməyə yönəlib. Lakin bəzi başqa məqamlara aydınlıq gətirilmədən, dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi ciddi mübahisələr doğuracaq. Məsələ burasındadır ki, Bakıda və ölkəmizin digər yaşayış məntəqələrində dayanma və durmanın qadağan edilməsi məsələsində çoxlu anlaşılmazlıqlar var. Minlərlə yol sahəsi var ki, orada belə bir qadağanın olduğu qeyri-müəyyəndir, hətta ən peşəkar və diqqətli sürücü də bu səbəbdən səhv edə bilər. Söhbət xüsusən 3.27 və 3.28 nişanlarının qoyulması və onların qüvvədə olma sahəsi ilə bağlıdır”.
Hüquqşünas hesab edir ki, dayanma və durma qaydalarını pozmanın bütün hallarına görə elektron qərarla cərimə tətbiqi hələ çox tezdir və çoxlu mübahisələr yaradacaq:
“İndiki mərhələdə elektron qərarla rəsmiləşdirmə dayanma və durma qaydalarını pozmanın ən aşkar və heç bir mübahisə doğurmayan hallarına – ikinci və sonrakı cərgələrdə dayanmaya, səkilərdə, piyada keçidlərində, yolayrıcında kəsişmə yerində dayanmaya görə tətbiq edilsə, daha doğru olar”.
Nigar
Tribuna.Az










