Demokratlar Tramp administrasiyasına qarşı genişmiqyaslı araşdırmalara başlayır

Demokratlar Tramp administrasiyasına qarşı genişmiqyaslı araşdırmalara başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Demokratlar Partiyasının Konqresin hər iki palatasında nəzarəti ələ keçirməsi Donald Tramp administrasiyası üçün yeni siyasi və hüquqi mübahisələrin başlanğıcı ola bilər. Demokratlar 2027-ci ilin yanvarında fəaliyyətə başlayacaq yeni Konqresdə prezidentin qərarlarını, ailəsinin biznes əlaqələrini və administrasiyanın fəaliyyətini geniş şəkildə araşdırmağı planlaşdırırlar.

Tribuna.az xəbər verir ki, bu barədə ABŞ-ın NPR ictimai radio şəbəkəsi və Associated Press məlumat yayıb.

Demokratların əsas hədəflərindən biri Tramp ailəsinin biznes maraqları, kriptovalyuta layihələri və xarici investorlarla əlaqələri olacaq. Konqresdə prezidentin və onun yaxın çevrəsinin maliyyə maraqlarının dövlət qərarlarına təsir edib-etmədiyinin araşdırılması nəzərdə tutulur.

Bundan başqa, Demokratlar ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməliyyatları, miqrantların deportasiyası zamanı yol verilən mümkün qanun pozuntuları və federal qurumların fəaliyyətini də araşdırmaq istəyirlər.

Xüsusi diqqət ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına yönəldiləcək. Demokratlar Pentaqon rəsmilərindən müharibənin hüquqi əsasları, maliyyə xərcləri və hərbi qərarların qəbul edilməsi ilə bağlı izahat tələb etməyə hazırlaşırlar. Müdafiə naziri Pit Heqsethin fəaliyyəti də Konqresdə müzakirə mövzularından biri ola bilər.

Araşdırmaların digər istiqamətləri arasında Ceffri Epşteyn işi ilə bağlı sənədlərin açıqlanması, səhiyyə siyasəti, Ağ Evdə aparılan tikinti və yenidənqurma işləri, dövlət müqavilələri və İlon Maskın şirkətlərinə ayrılan federal vəsaitlər də var.

Demokratlar Nümayəndələr Palatasının nəzarət komitəsində rəhbər vəzifəyə Robert Qarsianın gətirilməsini gözləyirlər. Yeni çoxluq Konqresə sənədlər tələb etmək, şahidləri ifadəyə çağırmaq və araşdırma dinləmələri keçirmək üçün daha geniş imkanlar verəcək.

Bununla belə, araşdırmaların başlanması Trampın avtomatik olaraq vəzifədən uzaqlaşdırılması demək deyil. Demokratlar impiçment ehtimalını istisna etməsələr də, ilkin mərhələdə əsas diqqəti araşdırmalara və mümkün qanun pozuntularının sənədləşdirilməsinə yönəltməyi planlaşdırırlar.

Yeni Konqres 2027-ci ilin yanvarında fəaliyyətə başlayacaq. Həmin vaxta qədər Konqresin hər iki palatasında respublikaçıların səlahiyyətləri qüvvədə qalacaq.

İmran Kərimli