İran Milli Bankının Bakı filialına məxsus əmlaklar satışa çıxarılıb. Satışa çıxarılanlar müxtəlif vaxtlarda bankın balansında toplanan yaşayış (mənzil) və qeyri-yaşayış sahələridir.
Tribuna.az xəbər verir ki, Onlar arasında 3 mənzil və 6 qeyri-yaşayış obyekti, “Babək Plaza”da İran Bankına məxsus olan ofis sahələri də var.
Onlardan ikisi Kövkəb Səfərəliyeva küçəsində yerləşən 18 mərtəbəli binanın 3-4-cü mərtəbələrindəki sahəsi 105 m2 olan 3 otaqlı və sahəsi 164-172 m2 olan 2 ədəd 4 otaqlı mənzillərdir. Bank təmirsiz mənzillərin kvadratmetrini nağd 1800 manatdan, kreditlə isə 2100 manatdan satışa çıxarıb.
Satışa çıxarılan qeyri-yaşayış sahələrindən biri də Bakının Nizami rayonunda Naxçivanski küçəsində yerləşən 48 kvadratmetrlik obyektdir. Bu obyektin qiyməti isə razılaşma yolu ilə olacaq.
Bank hətta klinika, super market, ticarət mərkəzi, restoran, bank üçün münasib olacaq obyekt də satışa çıxarıb ki, o da “28 May” metrosu yaxınlığında, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən sahəsi 560 kvadratmetrlik obyektdir. Kvadratmetri nağd 5 min manata çıxarılan obyekt üçün hissəli ödənişdə 5,5 min manat tələb edilir.
İran Milli Bankının satışa çıxardığı daha 4 kommersiya obyekti isə Bakının məşhur biznes mərkəzlərindən birində “Babək Plaza”da yerləşən ofis sahələridir. Ofislə “Babək Plaza”da C blokunda, 3, 4, 6, 7-ci mərtəbələrdə yerləşir və sahələri 185-251 m2 arasında dəyişir. Ofislər yaxşı təmirli və çıxarışlıdır. Bu ofislərin 1 kvadratmetri 2100 manata, hissəli ödənişlə isə 2400 manata təklif edilir.









