“Bu gün Rusiyanın başı bütün dünya ilə müharibə etməyə qarışıb”
Bu sözləri TİA.Az– a açıqlamasında politoloq Xəyal Bəşirli Soçi görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, belə bir iddia ilə çıxış edən dövlətin rəhbəri artıq Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə özünün siyasi ritorikasını belə dəyişir:
” Biz Soçi görüşündə gördük ki, Prezident İlham Əliyev bütün mötəbər tribunalardan keçmiş münaqişə ilə bağlı səsləndirdiyi fikirləri təkrar etdi, münaqişənin artıq bitdiyini bir daha Rusiya dövlətinin rəhbərinin diqqətinə çatdırdı. Münaqişədən sonra mövcud olan bəzi problemlərin həlli istiqamətində Ermənistanla münasibətlərimizin normallaşdırılması prosesini həyata keçirdiyimizə diqqəti yönəltdi. Qarşılığında Vladimir Putin də prezidentin dediklərini qəbul etdi və bəzi problemlərin həlli istiqamətində birgə səylərin ortaya qoyulması ilə bağlı mövqe sərgilədi. Hesab edirəm ki, bu, bir daha ondan xəbər verir ki, Azərbaycan Praqada keçirilən dördtərəfli görüşdə Ermənistana onun sahibləri olan Fransa dövlətinin rəhbəri Emmanuel Makronun da iştirakı ilə Azərbaycanın ərazi bütövlüyünün BMT nizamnaməsi çərçivəsində qəbul edilməsinə nail olduqdan sonra bu prosesi Soçidə Ermənistanın şimal sahibi olan Rusiyanın iştirakı ilə bəyənatla imzalamağa nail oldu. Mən düşünürəm ki, bu, Azərbaycanın Praqada əldə etdiyi uğurun Soçidə məntiqi davamı idi”.
Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib.
TİA.Az









