Avtobusların natəmizliyi əksər vətəndaşların gündəlik olaraq gördüyü mənzərədir. Şikayətlərə baxmayaraq problem həllini tapmır ki, tapmır. Sözügedən mövzu ilə bağlı Tribuna. Az – a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, ictimai nəqliyyatda sərnişin daşımalarının yerinə yetirilməsi üçün xidmətlər yüksək səviyyədə, keyfiyyətli formada olmalıdır:
“Onun üçün də müəyyən tələbatlar var. Həmin tələbatların bəziləri sürücülərə bəziləri sərnişinlərə bəziləri də yollara aiddir. Nəqliyyat vasitələrinin konstruktiv təhlükəsizlik elementləri yüksək olmaqdan əlavə həm də səhər işə başlayan zaman təmiz və səliqəli olmalıdır.
Bu nöqteyi – nəzərdən sərnişin daşımalarında avtobusların işə hazır olması üçün xüsusi nəzarət sistemi var. Gündəlik qulluq zamanı avtobuslar yuyulur, təmizlənir. Həmçinin sərnişinlərdən qalan əşyalar bir yerə yığılır. Bir sözlə, bu nəzarət mexanizmində nəqliyyat vasitəsi səhər işə çıxan zaman səliqəli olmalıdır. İndi “Baku Bus” avtobusları yəqin ki, bu tələbata cavab verir. Ancaq müəyyən marşrutlar var ki, onlar sahibkarlara məxsusdur. Sahibkarların də nəzarət üçün o qədər geniş imkanları yoxdur. Xüsusilə də şəhərətrafı avtobus daşımalarında belə problemlər çox gözə çarpır. Sərnişinlərin dediyi kimi marşrutların çirkli olması doğrudur. Onlara da BNA nəzarət edir, onların da sayı çox olduğu üçün bəzi qüsurlar gözdən yayına bilir. Yaxşı olardı ki, sahibkarlara bu məsələ ciddi tapşırılsın. Avtobuslar səhər işə buraxılan zaman onların təmizliyi, texniki cəhətdən saz olması nəzərə alınaraq xəttə buraxılsın”










