Səfirliyimizdəki terror aktı İran dövlətinin əsas qolu olan SEPAH tərəfindən törədilib. Məsələnin məğzində Azərbaycana mesaj göndərmək dayanır. İran məsələni məişət zəmnində hadisə kimi təqdim edib, aradan çıxmağı planlaşdırır. Hətta saxlanılan şəxsin bu mövzudakı videosunu da yayacağı şübhə doğurmur.
Tribuna.az xəbər verir ki, bu fikirləri jurnalist Fikrət Fərəməzoğlu səsləndirib. O bildirib ki, yaxın günlərdə bu təxribatlar bir neçə istiqamətdə şaxələnə bilər:
“İranla Dövlət sərhəddimizdə, Ermənistanla sərhəddə, Qarabağda təxribatlara hazır olmalıyıq. Bundan başqa, daxildə dini və etnik zəmində qarşıdurmaların baş verməsi, agent şəbəkəsinin, habelə İranın xüsusi hazırladığı şəbəkə səs-küylü terror aktları və ya cinayətlər törədə bilmə ehtimslları istisna deyil.
Məqsəd: İran Orta Dəhliz layihəsindən sonra logistika, strateji nəqliyyat qovşağı imkanlarını tamamilə itirir. Bu nəticə etibarı ilə İranın geostrateji əhəmiyyətinin də sıradan çıxması deməkdir. Bunun qarşısını almaq üçün İran ilk olaraq Zəngəzur dəhlizinin açılmasına imkan verməməlidir. Hazırda bu məqsədlə bütün planlarını icra etməkdədir.
Ermənistanl Azərbaycan arasında münasibətlərin düzəlməməsi lazımdır. Bunun üçün İrəvana bütün dəstəyi verirlər. Çünki münasibətlər düzələrsə, dəhliz də açılacaq. Bu prosesdə Rusiya da İranla bəzi məsələlərdə həmfikirdi. Həmin razılaşılan məqam iki ölkə arasında münasibətlərin pis qalmasıdır. Amma İrandan fərqli olaraq, Rusiya dəhlizin açılmasında maraqlıdır”.
F.Fərəməzoğlu əlavə edib ki, Qarabağda separatçıların güclü qalmasının təmin edilməsi Azərbaycana çox ziyandır:
“Bölgədə narazılığın olması görüntüsü yaradır ki, bu da strateji layihələrə güvənsizlik yaradır. Həm də Qarabağda münaqişə qaldıqca, Azərbaycanın daha geniş oyunçu olmaq imkanları məhdudlaşır. Üstəlik, bölgədən keçən və keçəcək nəqliyyat dəhlizinin təhlükə altında olması rəyini gücləndirəcək.
Daxildə separatçı, terror zəminli hadisələrin törədilməsi. Bu da Azərbaycanın sabit ölkə olmadığı görüntüsü yaratmaq üçün İrana lazımdır. İran bunu bacararsa, Orta Dəhliz layihəsi gündəmdən çıxacaq. Çünki qeyri-sabit bölgə ilə yükdaşıma heç bir dövlətə sərf etmir.
İran nəyin bahasına olursa olsun Qafqazda dominant, güclü və müstəqil dövlət kimi qalmasına imkan vermək niyyətində deyil. Güclü və müstəqil Azərbaycanı öz ərazisi üçün təhdid hesab edir. Ona görə ki, Azərbaycan geosiyasi, iqtisadi və digər baxımdan güclənərsə, bu proseslər Güney Azərbaycana da sirayət edəcək və onların da ayrılmaq istəyini ortaya qoymasını şərtləndirəcək”.
Tribuna.az










