Tovuzun Vahidli kənd sakini, şəhid və Qarabağ veteranı anası olan Həsənova Ceyran Məhəmməd qızı prezident İlham Əliyevə müraciət edib. Tribuna.az-a bir surəti göndərilən müraciətdə sensasion məqamlar yer alıb. Şəhid anası qeyd edir ki, Kənd Təsərrüfatı Nazirliyində baş verən rüşvətxorluq və korrupsiya əməllərinin başında nazir İnam Kərimovla komandası durur. “Bu komandanın tərkibində Aparat rəhbəri Rəfail Quliyev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini, kənd təsərrüfatından məlumatı olmayan Cəfər Məhərrəmov və ixtisasca neftçi olan Rəşad Vahabzadə var.
Baş Prokurorluğa və digər hüquq-mühafizə orqanlarına məlumat vermişəm, dəfələrlə mediada savadsızlığı ilə özünü və bütün nazirliyi biabır edən Cəfər Məhərrəmov çıxışları ilə sübut edib ki, bu nazirlikdə bir nəfər də olsa ixtisaslı kadr yoxdur. Onlar kadr korpusunu məhv edərək, əslində nazirliyi korrupsiya və rüşvətxorluq yuvasına ceviriblər. Dəfələrlə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Nazirlər Kabinetinin 14 yanvar 1994-cü il tarixli, 10 saylı qərarını yersiz sayıb və bizə bildirib ki, şəhidlik statusundan istifadə etməyin. Bildirirəm ki, Cəfər Məhərrəmovun savadsız çıxışları xalq tərəfindən istehza ilə qarşılanır. Belə ki, o Real TV-də çıxışı zamanı tez yetişən sorta qısa müddətə bara düşən sort adı verib və elmə yeni “termin” gətirib.
Onların etdikləri cinayətlər barədə bir neçə faktı nəzərinizə çatdırıram.
Belə ki, 2022-ci ilin dekabr ayında Cəfər Məhərrəmov və Rəşad Vahabzadə rayonlardakı işçilərinə göstəriş verərək 2020-2021-ci illərdə analiz olunmuş torpaq nümunələri üçün vətəndaşlardan ərizə aldırırlar ki, guya vətəndaşlar özləri xahiş edib ki, onların torpağı analiz olunsun. Bu analizlər isə pulludur. Bu vaxtı keçmiş “əməliyyat” iki ildən sonra məcburi olaraq saxta yolla rəsmiləşdirilir ki, bu da yeyilmiş pulların üstünü örtmək üçün maxinasiya hesab olunmalıdır”-deyə müraciətdə qeyd edilir.
Şəhid anası bildirib ki, Aqrar Xidmətlər Agentliyinin ixtisasca neftçi olan, Azərbaycan əlifbasını bilməyən əməkdaşı Rəşad Vahabzadə 2021-ci ildə Respublika üzrə bütün toxumluq əkinlərin aprobasiya aktlarında təsərrüfat rəhbərləri üçün nəzərdə tutulmuş sənədlərdəki yerə öz idarəsinin möhürünü vurub: “Bu sənədlər toxumçuluqda çox mühüm və ciddi sənəddir və bu sənəd minlərlədir. Aqrar Xidmətlər Agentliyi tərəfindən qanunsuz olaraq işdən çıxarılan, peşəkar mütəxəssis olan oğlum Həsənov Naməddin Tofiq oğlu bununla bağlı şikayət etdikdən sonra, 2022-ci ilin aprobasiya aktlarında Rəşad Vahabzadə həmin təsərrüfat rəhbərlərinin yerinə möhür vurmamışdır. Rəşad Vahabzadə gec də olsa başa “düşmüşdür”ki, möhür vurduğu yer təsərrüfat rəhbərləri üçün nəzərdə tutulmuşdur. Bu savadsıza izah edirəm ki, əgər təsərrüfat rəhbəri fiziki şəxsdirsə həmin yerə imza atmalı, hüquqi şəxsdirsə öz imza və möhürünü vurmalıdır. Hal-hazırda 2021-ci il və 2022-ci ilin aprobasiya aktları üzləşdirilərsə qeyd etdiyim faktlar öz təsdiqini tapar, çünki həmin sənədlərin hamısı Aqrar Xidmətlər Agentliyindədir.
Beləliklə ölkə başçısının etimad və inamını doğrultmayan, öz komandası ilə rüşvətxorluq və korrupsiya yolu ilə Kənd Təsərrüfatını bərbad vəziyyətə salan, Azərbaycanda qiymətlərin yüksəldilməsinə şərait yaradan İnam Kərimov və onun yuxarıda adlarını qeyd etdiyim komandası təcili olaraq qanun qarşısında cavab verməlidirlər”.
Onun sözlərinə görə, əlində onlarla belə ciddi faktlar var: “Həmin faktların araşdırılması aidiyyəti üzrə hüquq mühafizə orqanlarının səlahiyyətlərinə aid olsa da, hələlik heç bir əməli fəaliyyət görünmür” .
P. S. Şəhid anasının ittihamları ilə bağlı nazirliyin mövqeyini dərc etməyə hazırıq.
Tribuna.az









