“İran casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar çoxdan olmalı idi, hətta gecikib. İran SSRİ dağılar-dağılmaz, Azərbaycan müstəqilliyini elan edər-etməz geniş kəşfiyyat işləri həyata keçirib. İran hələ 90-cı illərdən kəşfiyyat-informasiya, kəşfiyyat-əməliyyat və kəşfiyyat-təxibat istiqamətlərində fəaliyyətə başlayıb. Azərbaycanda İranın 90-cı illərdən formalaşan potensialı inkişaf etdirilib və hazırda inkişaf etmiş kəşfiyyat potensialına malikdir. Son terror isə bunun ən yüksək səviyyəsinə qalxdığını göstərir”.
Tribuna.az musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri Azad Demokratlar Partiyasının sədri, milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər səsləndirib.
Onun sözlərinə görə, kəşfiyyat müharibəsinə adekvat cavab verilməlidir:
“Onlardan biri də Azərbaycanda İranın inkişaf etmiş casus potensialını sıradan çıxarmaqdır. Bu, məqsədyönlü, səmərəli və əks-kəşfiyyat tədbirləri olmalıdır. Odur ki, Azərbaycanın güclü əks-kəşfiyyat xidməti olmalı və İranda güclü mövqelərə sahib olmalıdır. Bundan sonra casus şəbəkəsinin tam kökünü kəsmək olar. Çünki onlar İranın buradakı kəşfiyyat xidmətinin istiqamətlərini bilməlidir. Yəni incə prosesdir, istər İsrail MOSSAD-ı olsun, istər Türkiyə MİT-i olsun, qarşılıqlı etimadın qurulmasını, geniş dərin informasiya mübadiləsini tələb edir. Kəşfiyyat-əməliyyat sahəsində yardım istənilə, əməkdaşlıq oluna bilər”.
S.Əkbər qeyd edib ki, səfirliyimizə hücum İran dövləti tərəfindən sanksiyalaşdırılmış və əmri verilmiş terrordur: “Çünki bütün diplomatik nümayəndəliklər xüsusi xidmət orqanları tərəfindən qorunur. Azərbaycan səfirliyi də xüsusi xidmət orqanlarının nəzarətindədir. Burada xüsusi xidməti orqanları, agentura şəbəkəsi iştirak edirlər. Həmin şəxsin SEPAH və ya Bəsiclə əlaqəsinin olması təəccüblü görünməməlidir. Bu işi SEPAH həyata keçirib, birbaşa ali dini liderin nəzarətində olan məsələdir. Ehtimal edirəm ki, SEPAH-ın Qüds korpusu terroru reallaşdırıb.
İran niyə etdi sualına gəlincə, Tehran rejimi eskalasiyaya gedir. Tehran görür ki, Azərbaycana qarşı təhdid siyasəti nəticə vermir, artıq konkret addımlar atmağa başlayır. Holokostu anma günü səfirliyimizə hücum edilir, ardınca İsraildə sinaqoq yaxınlığında terror edilir. O deməkdir ki, İsraildə səfirlik açmamalısan, açarsansa, bədəli belə olur. İsraildə səfirlik açmaq qərarına görə bizə edilən terroru rəsmi Bakıya təhdid mesajı kimi oxuya bilərsiniz”.









