Səfir təyin edilən Nərminə Mustafayeva kimdir? – DOSYE

Səfir təyin edilən Nərminə Mustafayeva kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Tribuna.az yeni təyin olunan səfirin dosyesini təqdim edir:

Nərminə Elsevər qızı Mustafayeva Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dillər Universitetində bakalavr, ABŞ-nin Old Dominion Universitetində isə magistr dərəcəsi üzrə təhsil alıb.

O, 1990-cı illərin sonlarından media sahəsində jurnalist, aparıcı və redaktor kimi fəaliyyət göstərib.

Belə ki, o, vaxtilə ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub. Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonra diplomatik xidmətə keçib. Nərminə xanım ailə qurduqdan sonra Mustafayeva soyadını götürüb.

Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətində 15 ildən artıq çalışaraq böyük dövlətçilik təcrübəsi qazanıb. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Nərminə Mustafayeva 2020-ci il iyulun 28-dən etibarən Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki baş konsulu və eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrini icra edib.

6 il İstanbulda baş konsul işləyib. 27 İyul 2026-cı il tarixində isə geri çağırılıb.

Bu missiyasını başa vurduqdan sonra, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

İngilis, rus və türk dillərini bilən diplomat ailəlidir, 3 övladı var.