Buraxılış imtahanları ilə bağlı cəmiyyətdə yaranan narazılıq təsadüfi deyil. Valideynlər, şagirdlər və müəllimlər uzun müddətdir ki, imtahanların çətinliyi, çoxluğu və yaratdığı psixoloji gərginlik barədə danışır. Məncə, bu məsələni emosional deyil, sistemli və beynəlxalq təcrübəyə baxaraq müzakirə etmək lazımdır.
Bu sözləri Tribuna.az-a millət vəkili Razi Nurullayev narazılıq yaradan buraxılış imtahanları ilə bağlı danışarkən deyib. Deputat bildirib ki, dünya təcrübəsinə nəzər salsaq görərik ki, bir çox inkişaf etmiş ölkələrdə əsas məqsəd şagirdi çoxsaylı imtahanlarla yükləmək deyil, onun bilik və bacarıqlarını daha balanslı şəkildə qiymətləndirməkdir:
“Məsələn, Finlandiya kimi ölkələrdə məktəblərdə mərkəzləşdirilmiş imtahanların sayı çox azdır və əsas qiymətləndirmə müəllimlərin apardığı davamlı qiymətləndirmə ilə həyata keçirilir. Almaniya və Fransa kimi ölkələrdə isə yekun imtahanlar olsa da, şagirdlərin taleyi yalnız bir və ya iki test nəticəsi ilə müəyyən edilmir; məktəbdəki ümumi nəticələr də ciddi rol oynayır. Bir çox ölkələrdə psixoloqlar da açıq şəkildə bildirirlər ki, həddindən artıq imtahan stressi şagirdlərin həm psixoloji vəziyyətinə, həm də öyrənməyə marağına mənfi təsir göstərir.
Mənim mövqeyim ondan ibarətdir ki, məsələ yalnız sualların çətin və ya asan olmasında deyil. Əsas problem imtahanların sayının və yaratdığı psixoloji təzyiqin çoxluğudur”.
R.Nurullayev əlavə edib ki, təhsil sistemi gənclər üçün sanki “imtahan marafonu”na çevrilməməlidir:
“Məktəb stres məkanı deyil; məktəb hər bir gəncin həvəslə getdiyi, özünü rahat hiss etdiyi və bilik əldə etməkdən zövq aldığı bir mühit olmalıdır.
Bu baxımdan, bir neçə istiqamətdə addımlar atmağın zəruri olduğunu düşünürəm.
Birincisi, imtahanların sayının optimallaşdırılması məsələsi müzakirə olunmalıdır.
İkincisi, qiymətləndirmə sistemi yalnız bir neçə test nəticəsinə deyil, şagirdin məktəb dövründə göstərdiyi ümumi nəticələrə də əsaslanmalıdır.
Üçüncüsü isə imtahan sualları şagirdin məntiqini və bilik tətbiqini ölçməlidir, amma eyni zamanda onların yaş xüsusiyyətlərinə və proqramın real həcminə uyğun olmalıdır.
Biz elə bir model qurmalıyıq ki, həm keyfiyyətli qiymətləndirmə olsun, həm də gənclər üzərində həddindən artıq psixoloji yük yaranmasın. Çünki təhsilin əsas məqsədi yalnız imtahandan keçən şagird yetişdirmək deyil, düşünən, yaradan və cəmiyyətə faydalı olan gənclər yetişdirməkdir”.
Nigar İxtiyarqızı










