Belə çıxır ki, bircə günahsız Məleykə Abbaszadədir – Ekspertdən SƏRT sözlər

Belə çıxır ki, bircə günahsız Məleykə Abbaszadədir – Ekspertdən SƏRT sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin dünənki çıxışı zamanı müəllimlərlə bağlı səsləndirdiyi fikirlər xoşagələn deyil. Bu gün DİM-in tərtib etdiyi imtahan suallarını cavablandırmaqda müəllimlər də əziyyət çəkirsə, bu müəllimin deyil, DİM-in günahıdır. Məleykə Abbaszadə bunu etiraf edə bilmir, ona görə də müəllimləri günahlandırmaqla diqqəti yayındırır.

Bu sözləri Tribuna.az-a təhsil üzrə ekspert Ramin Nurəliyev DİM sədri Məleykə Abbaszadənin dünənki çıxışında müəllimlərlə bağlı səsləndirdiyi sözlərə cavab olaraq bildirib. Ekspert qeyd edib ki, əgər əksər müəllimlər də etiraf edirlərsə ki, suallar qəlizdir, bundan nəticə çıxarmaq lazımdır, kimisə günahlandırmaq yox:

“Heç bir müəllim demir ki, biz o sualların cavabını bilmirik və ya həll edə bilmirik. Müəllim deyir ki, hətta mənim də cavablandırmaqda əziyyət çəkdiyim sualları abituriyentlər necə cavablandırsın. Çünki suallar qəliz, uzun, çaşdıran və vaxtaparandır. Müəllim öyrədəndir, amma həm də öyrənəndir. Yenilikləri, yeni qaydaları öyrənir.
Bu gün müəllimlər üçün də imtahanlar var. Müəllim o imtahandan 80 faiz də toplaya bilər, 90 faiz də. Bu o demək deyil ki, 10 bal fərqi olan müəllim savadsızdır.
Bu gün DİM mütəxəssisləri, DİM müəllimləri üçün də biz suallar hazırlasaq, onlar da suallardan hansındasa çətinlik çəkə bilər, hansınısa bilməyə bilər. Ona görə də müəllimləri günahlandırmaq, hədəfə çevirmək yolverilməzdir. Xüsusilə bunu istehzayla demək qətiyyən yolverilməzdir və doğru deyil”.

Ekspert bildirib ki, hər bir problemdə müəllimə yüklənmək, problemin başında müəllimi görmək düzgün deyil və nəticəsi yaxşı olmaya bilər:
“Müəllimlər daxil, ekspertlər də bildirirsə ki, suallar çətindir, burada artıq günahkar axtarmaq lazım deyil. DİM-in tərtib etdiyi sualların narazılıq yaratmasının, sualların qəliz, uzun, çaşdırıcı olmasının günahkarı müəllimlər, ekspertlər deyil. DİM hər il müəllimləri də, ekspertləri də, məktəbliləri də günahkar çıxarır. Sabah da valideynlər günahkar olacaq. Belə çıxır ki, gühanı olmayan bircə DİM və Məleykə Abbaszadədir.
DİM özü də başa düşür ki, bu il imtahanlar çətin oldu. Nəticə ötən illərdəki kimi deyil. Sadəcə öz səhvlərini, günahlarını etiraf edə bilmirlər. Müəllimləri hədəfə almaqla diqqəti yayındırırlar. İmtahan suallarını tərtib edənlər kimlərdisə, günahkar da onlardır”.

Nigar İxtiyarqızı