Bakıda ötən gün müşahidə olunan güclü külək Bayıl qəsəbəsində yerləşən “Sabah Residence” yaşayış kompleksinin böyük fasadını uçurub.
Tribuna.az xəbər verir ki, binadan qopan iri hissələr həyətə düşüb. Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.
Hadisə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Sakinləri və ictimaiyyəti düşündürən əsas sual isə budur: Bir neçə saatlıq güclü küləyin təsirinə tab gətirməyən fasadın təhlükəsizliyi nə dərəcədə təmin olunub?
Xüsusilə çoxmərtəbəli yaşayış binalarında fasad elementlərinin qopması ciddi təhlükə yarada bilər. Çünki hündürlükdən düşən nisbətən yüngül material belə aşağıda olan insanlar və avtomobillər üçün real riskə çevrilə bilər.
Mütəxəssislərin fikrincə, müasir binalarda fasad yalnız estetik görünüş elementi deyil. Üzlük sistemi, bərkitmə konstruksiyası, istilik və su izolyasiyası bir-biri ilə uyğun şəkildə layihələndirilməli və quraşdırılmalıdır.
Digər mühüm məsələ isə fasadın külək yükünə davamlılığıdır. Mütəxəssislər bildirir ki, Bakı kimi güclü küləklərin müşahidə olunduğu şəhərlərdə fasad sisteminin layihələndirilməsi zamanı külək yükləri nəzərə alınmalıdır.
Burada başqa bir sual da ortaya çıxır: Əgər fasad sistemi güclü külək zamanı sıradan çıxırsa, binanın digər konstruktiv elementlərinin dayanıqlığı necə yoxlanılır?
Təbii ki, fasadın qopması avtomatik olaraq binanın daşıyıcı konstruksiyasının təhlükəli olması demək deyil. Lakin belə hadisə fasadın layihələndirilməsi, istifadə olunan materialların keyfiyyəti, bərkitmə elementləri və montaj işlərinin araşdırılmasını zəruri edir.
Azərbaycan qanunvericiliyinə əsasən, tikintisinə icazə tələb olunan obyektlərin layihələrinin ekspertizadan keçirilməsi nəzərdə tutulur. Ekspertizanın məqsədlərindən biri də layihənin etibarlılıq və təhlükəsizlik baxımından normativ tələblərə uyğunluğunun yoxlanılmasıdır.
Bu səbəbdən mütəxəssislər də hesab edir ki, “Sabah Residence”də baş verən hadisə ilə bağlı aidiyyəti qurumlar fasadın hansı materialdan hazırlandığını araşdırmalı bərkitmə sisteminin necə qurulduğunu yoxlamalıdır.
Yeri gəlmişkən bildirək ki, lüks yaşayış kompleksi hesab olunan “Sabah Residence”in eksteryer renovasiyası “Avant Group” tərəfindən icra olunun. Layihəyə 2022-ci ilin may ayında təhvil verilib.
Xatırladaq ki, “Sabah Residence” MTK-nın təsisçisi “Qala Group” MMC, rəhbəri və qanuni təmsilçisi isə Abil Səfərovdur.
Yazıda adı keçən tərəfləri dinləməyə hazırıq.
Gülşən Rəsul









