İqtisadçı Natiq Cəfərli iribuynuzlu heyvanların kəsimi ilə bağlı tətbiq ediləcək subsidiya mexanizmini tənqid edib.
Tribuna.az xəbər verir ki, iqtisadçı sosial şəbəkədə paylaşımında Kənd Təsərrüfatı Nazirliyinin qərarına əsasən, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanların kəsimi zamanı hər kiloqram diri çəkiyə görə 0,4 manat subsidiya veriləcəyini qeyd edib.
Beləliklə, 600 kiloqramlıq heyvan üçün subsidiya 240 manat təşkil edə bilər.
Natiq Cəfərli bildirir ki, ətlik üçün bəslənən mal-qara Azərbaycanda adətən 300-350 kiloqram diri çəkidə kəsilir. Onun sözlərinə görə, heyvanı 600 kiloqrama çatdırmaq üçün əlavə aylar ərzində ciddi yem xərcləri tələb olunur və bu xərc veriləcək subsidiyanı dəfələrlə üstələyə bilər.
İqtisadçı hesablamalara əsasən, heyvanın çəkisini 350 kiloqramdan 600-700 kiloqrama çatdırmaq üçün təxminən 1 il ərzində 1500-2000 manat əlavə xərc yarana biləcəyini yazıb.
Cəfərli bu səbəbdən subsidiya mexanizminin fermeri real şəkildə təşviq edib-etmədiyini sual edib və qərarı istehza ilə tənqid edib.
“Şəhərdə böyüyən, camışa ‘əjdaha’ deyən, ingilis dilini bilən, xalqın dilini isə öyrənə bilməyən nümayəndələr belə bir subsidiyalaşma düşünüblər”, – deyə iqtisadçı qeyd edib.
Gülşən Rəsul









