Bölgələrdə güclü külək bir sıra fəsadlara səbəb olub.
Tribuna.az bildirir ki, küləyin təsiri nəticəsində Bərdə və Tərtər rayonlarında iri gövdəli ağaclar aşıb.
Ağacların aşması nəticəsində Bərdədə bir neçə evin dam örtüyünə ziyan dəyib.
Həmçinin ağacların yola aşması nəticəsində işıqlandırma dirəklərinə və elektrik naqillərinə zərər dəyib.
Güclü külək Ağdam rayonunun bir sıra kənd və qəsəbələrində də elektrik enerjisinin verilməsində fasilələr yaradıb.
Köhnə Ələt-Astara magistralında hərəkət bərpa olunub.
Xəbərə görə köhnə Ələt-Astara magistralında hərəkətdə məhdudiyyət yaran yol açılıb.
Ərazidə hərəkətin təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin olunub. Aidiyyəti qurumlar tərəfindən görülən tədbirlərlə hər iki istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa edilib.
Bundan əlavə, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və küləkli keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən xəbərə görə, sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb.
Həmçinin Sumqayıt şəhərində güclü külək nəticəsində ağac peşə liseyinin üzərinə aşıb.
Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib.
Bildirilib ki, hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur. Belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayət edilməməsi isə insan həyatı və sağlamlığı üçün təhlükə yaradır.
Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir.
Hazırladı: Həsən Ağa









