Bakının Binəqədi rayonunda yerləşən “Pitomnik” bağı baxımsız vəziyyəti ilə diqqət çəkir. Park keçən əsrin sonlarında 6, 7, 8 və 9-cu mikrorayonların salınması zamanı təşkil olunub. Ərazi müxtəlif növ bitkilərin yetişdirilməsi və saxlanılması ilə yanaşı, sakinlərin istirahət və əyləncə məkanı kimi də istifadə olunub. “Pitomnik” bağı Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu və Respublika Əlillərin Bərpa Mərkəzinin arxasında yerləşir. Bu baxımdan ərazi həm yaşıllıq, həm də istirahət məkanı kimi xüsusi əhəmiyyət daşıyır. Lakin illərdir əsaslı təmir və abadlıq işləri aparılmadığından parkın bir sıra hissələri yararsız vəziyyətə düşüb. Mövcud su hövzəsinin bir hissəsi quruyub, digər hissəsini isə qamış və yosun basıb. Piyada yolları, körpülər, pilləkənlər və məhəccərlər köhnəlib, bir çoxu isə artıq istifadə üçün yararsızdır. Bir vaxtlar yaşıllığı və sakitliyi ilə seçilən ərazi bu gün sakinlərin öz təşəbbüsləri ilə təmizlədiyi məkana çevrilib. Ərazidə zibil qutuları olsa da, tullantı atanların çoxluğu parkın ümumi vəziyyətini daha da ağırlaşdırır. Sakinlər parkın abadlaşdırılmasını, yolların və su hövzəsinin bərpasını, skamyaların və digər istirahət imkanlarının yaradılmasını istəyirlər. Onların fikrincə, ətraf küçələrə çıxışların da açılması ərazinin əlçatanlığını artıraraq parkın yenidən canlanmasına imkan verə bilər.
Maraqlıdır ki, vaxtilə daha böyük ərazini əhatə edən “Pitomnik” bağının sahəsinin əhəmiyyətli hissəsinin sonradan itirildiyi bildirilir. Hazırda sakinləri narahat edən əsas məsələlərdən biri isə parkın qalan hissəsinin də gələcəkdə tikintiyə qurban gedə biləcəyi ilə bağlıdır.
Sakinlərin arzusu isə sadədir, vaxtilə Bakının bu hissəsinə xüsusi gözəllik verən “Pitomnik” bağı qorunsun, bərpa edilsin və yenidən şəhər sakinlərinin sevimli istirahət məkanlarından birinə çevrilsin.

Musavat.com-a müraciət edən vətəndaşlardan biri bunları deyib: “Mən uşaq olanda orada çox gözəl bir su hövzəsi var idi, qeyri-adi formada kiçik bir göl, yerin altından çıxan təbii bulaq, suyun üzərindən keçən gözəl körpülər, oturmaq üçün yerlər… Ən əsası isə orada ördəklər və qu quşları – ağ qu quşları yaşayırdı. 80-ci illərdə, yaxındakı 5 nömrəli orta məktəbdə oxuyurdum və tənəffüslərdə hər gün ora gedib bu gözəl canlıları yemləyirdik. Mən daim məktəbdə əlaçı olmuşam və qu quşlarının mənə verdiyi mənəvi rahatlığın da, şübhəsiz ki, bu məqamda müəyyən rolu var”.
Şikayətçinin sözlərinə görə, parkda yüzlərlə hündür ağac olub:
“Hətta yayın ən isti günlərində belə onların kölgəsində sərinləmək mümkün idi. İndi isə təəssüf ki, vaxtilə insan əli ilə abadlaşdırılmış bu təbii məkan çox baxımsız vəziyyətə düşüb. İnsanda yalnız məyusluq yaradır, gecələr isə qaranlıq hətta bir qədər qorxulu görünür. Bəzən oradan mişar səsi də eşidilir”.

Azərbaycanın tanınmış memarı, professor Cahid Həsənov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:
“Bu parkın da digər parklar kimi yenidən qurulmağa ehtiyacı var və güman edirəm ki, bu da ardıcıllıqla həyata keçiriləcək. Təbii ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması, “Yaşıl dünya” tədbirinin Azərbaycanda keçirilməsi və bu aksiyaya ölkəmizin öndə qoşulması zəmin yaradır ki, Bakıda yaşıllıq zolaqları artırılsın, parklar və ərazilər yenilənsin. Təbii ki, bu parkın da mərhələli şəkildə yenidən qurulması həyata keçiriləcək. Yəni belə bir halı nəzərdə tutmuruq ki, hansısa park sökülüb yerində bina inşa olunacaq. Əksinə, Nərimanov rayonu ərazisində binaların qarşısındakı səkilər genişləndirilir, mini parklar və yaşıllıq zolaqları salınır. Ona görə də bir memar kimi, şəhərsalma üzrə mütəxəssis kimi vurğulaya bilərəm ki, təbii olaraq bu park da əvvəlki qaydada, hətta ondan da yaxşı – modern üslubda təmir olunmalıdır. Sovet dövründə bu parklarda olmayan yeniliklər indi tətbiq edilməlidir. Sovet dövrü ilə müstəqillik dövründəki parkları müqayisə edəndə görürük ki, nə qədər böyük uğurlar var, həm gözəllik, həm yaşıllıq, həm də atributlar baxımından”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı Musavat.com-a deyib ki, hazırda vətəndaşların mənzil alarkən önəm verdikləri əsas məsələlərdən biri də alacaqları əmlakın yaxınlığında park ərazisinin olmasıdır:
“Çünki Bakı şəhərində çoxmənzilli yaşayış binalarının böyük əksəriyyətində həyətyanı sahələr yox dərəcəsindədir. Köhnə tikili binaların həyətləri sökülərək digər obyektlərlə əvəzlənib, yeni tikililərdə isə həyətyanı sahə çox minimal kvadratmetrlə məhdudlaşır. İnsanlar həm ekoloji baxımdan yaşıl ərazidə yaşamaq istəyirlər, həm də binaların həyəti olmadığı üçün ailələrinin, uşaqlarının və yaşlıların istirahəti üçün parklara üstünlük verirlər. Parkların bərbad vəziyyətə düşməsi və ya sökülməsi yalnız ekoloji pozuntu deyil, həm də həmin ərazidəki əmlakların bazar dəyərinin düşməsinə gətirib çıxarır. Əgər bir ərazidə yeni park salınırsa, ətrafdakı mənzillərin qiyməti avtomatik olaraq 10-20 faiz artır”.
Ekspertə görə, parkın baxımsız qalması əmlakın dəyərinə mənfi təsir etməklə yanaşı, sakinləri istirahət hüququndan da məhrum edir:
“Təcrübədə görmüşük ki, bəzən parkları qəsdən baxımsız saxlayır, sonra təmir adı altında bağlayaraq ərazisində çoxlu kommersiya obyektləri tikirlər. Bu da vətəndaşların istirahət guşələrinin çayxana və kafelərlə əvəzlənməsinə səbəb olur. Bununla bağlı ictimai qınaq olmalıdır. Sakinlər parkın yenidən bərpası və abadlaşdırılması üçün öz təşəbbüslərini irəli sürməlidirlər. Hazırda dövlət səviyyəsində pilot layihələr, “Abad həyət” layihələri həyata keçirilir, yeni yaşılıq zolaqları salınır. Vətəndaşlar bu cür layihələrə müraciət edərək parkların bərpasına nail ola bilərlər”.
Musavat.com









