İngiltərənin Norfolk şəhərində yeni evlənən Ceymi və Mişel Ueyd toy fotosessiyası zamanı kanoenin aşması nəticəsində çaya düşüblər.
Tribuna.az xəbər verir ki, “Mirror Weird News”un məlumatına görə, 46 yaşlı cütlük Bure çayında gün batımında foto çəkdirmək istəyərkən tarazlığını itirib. Mişel hadisə zamanı təxminən 1800 funt sterlinq dəyərində gəlinlik geyinib.
Cütlük çaydan çıxdıqdan sonra da bədbəxt hadisələr davam edib. Onları yoxlamağa qaçan qonaqlardan biri sürüşərək ayağını sındırıb. Mişel daha sonra atəşfəşanlıq qurğusunda ayağını yandırıb, güclü yağış isə konfeti qonaqların üzərinə yapışdırıb.
Bütün bunlara baxmayaraq, cütlük toy gününü xoş xatirə kimi qiymətləndirib. Onlar 2021-ci ildə qayıqda nişanlanıblar və toyları 29 avqustda Norviç Qala Muzeyində baş tutub.









