İngiltərədə 35 yaşlı diş terapevti Holli Viffen paraşütlə tullanarkən təxminən 10 min fut (3 min metr) hündürlükdə başqa paraşütçü ilə toqquşub və huşunu itirib.
Tribuna.az xəbər verir ki, hadisə avqustun 7-də İngiltərənin Nottingem şəhəri yaxınlığındakı Lanqar aerodromunda baş verib.
Viffen huşsuz vəziyyətdə yerə doğru düşüb və əsas paraşütünü aça bilməyib. Təxminən 1000 fut yüksəklikdə paraşütün açılmasına nail olub. Ehtiyat paraşütü də işə düşüb.
Qadın yerə deyil, iynəyarpaqlı ağaca çırpılıb. Ağac onun həyatını xilas edib. Qəza nəticəsində Viffenin onurğası və sol ayağı sınıb.
Ağır xəsarətlərə baxmayaraq, Viffen sağaldıqdan sonra yenidən paraşütlə tullanacağını bildirib.









