Ermənistanın heç vaxt dedikləri ilə əməli üst-üstə düşməyib. Bu, Ermənistanın tarixi siyasətidir. Bu qeyri-stabillik, yarıtmaz və anlaşılmaz siyasət bu gün də davam edir. Hazırki situasiyada da, sərhəddə baş verən təxribatların məsuliyyəti Ermənistanın üzərinə düşür. Ermənistanın hərbi-siyasi rəhbərliyi öz ağalarına güvənərək belə təxribatlar törətməyə cəhd edir. Ancaq Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında verilən komandaları uğurla icra edir və çox qısa müddətdə bu təxribatların qarşısı müvəffəqiyyətlə alınır. Çox təəssüf ki, şəhidlərimiz də var. Ancaq qarşı tərəfdən itki daha çoxdur və hələ sahədə nə qədər erməni meyiti olduğu da deyilir.
Bu sözləri Tribuna.az-a deputat Vüqar İskəndərov dünən baş verən təxribatla bağlı danışarkən deyib. Millət vəkili bildirib ki, bütün bunları Ermənistan və onu dəstəkləyən qüvvələr arzulayır:
“Hazırki situasiyada bölgədə daimi sülhün bərqərar olunması üçün yeganə çıxış yolu, Azərbaycanın təklif etdiyi prinsipləri qəbul etməkdir. Bu prinsipləri dəstəkləyən tərəflər də var. ABŞ-nin dövlət katibi Brinken, Avropa İttifaqı da regionda sülhün bərqərar olmasını dəstəklədiyini bildirir, bunda maraqlı olduqlarını qeyd edirlər.
Hazırki vəziyyətdə sülhün yaxın vaxtlarda imzalanacağı hiss olunmur, təbii ki, Ermənistanın təxribatları ucbatından. Belə davam edəcəksə, növbəti təxribatlara əl atacaqlarsa, Ermənistan yenə də layiqi cavabını alacaq və bu təxribatlar daha böyük miqyasda olacaqsa, Azərbaycan öz hədəflərinə qısa müddət ərzində çatacaq. Ancaq təbii ki, bu nə ölkəmiz üçün, nə də region üçün arzuolunan deyil. Bizim arzumuz və istəyimiz sülh müqaviləsinin imzalanması, sərhədlərin tanınması və qarşılıqlı hörmət əsasında qonşuluq siyasətinin həyata keçirilməsidir. Azərbaycan təkliflərini verib, əlavə addımlar da atıb, indi növbə onlardadır. Bu sülh olacaqsa, burada region da udacaq, Ermənistan da udacaq. Olmayacaqsa Ermənistan və onun yanında olan şər qüvvələr layiqli cavablarını alacaqlar”.









