Qusar rayonu, Kuzun kəndi, Şahdağ Qış-yay Turizm mərkəzinin tabeçiliyində olan “Park Chalet” otelində yanğın təhlükəsizlik qaydalarının pozulması faktı aşkarlanıb.
Qaynarinfo-nun məlumatına görə, həmin faktla bağlı Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafızə Xidməti tərəfindən inzibati araşdırma aparılıb.
Məlum olub ki, “Park Chalet” otelinin sauna sahəsində elektrik qızdırıcı sobanın ön və yan tərəfləri yanmayan mühafizə örtüklə əvəz olunmayıb.

“Park Chalet” otelinin saunası
Manqalxana sahəsində manqalın altında və emalatxana otağında quraşdırılmış elektrik naqilləri standartlara uyğun olmayıb. Obyektin emalatxana sahəsində elektrik işıqlandırıcılar yanmayan mühafizə örtüklə təmin edilməyib.
Faktla bağlı “Shahdag Hotel Company” MMC barəsində İnzibati Xətalat Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. İşə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “Shahdag Hotel Company” MMC-nin təsisçisi və baş direktoru Elşən Qurbanəliyev Malikoviçə 450 manat məbləğində cərimə tətbiq edilib və nöqsanların aradan qaldırılması üçün vaxt verilib.









