Ötən gün Qarabağda fəaliyyət göstərən Qırmızı Xaç Komitəsi açıqlama yayaraq, Xankəndidən 4 xarici vətəndaşı çıxardığını bildirib. Tribuna.az xəbər verir ki, BQXK-nın Ermənistan nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni deyib ki, həmin şəxslər onlara müraciət etdikdən sonra bu addımı atıblar.
Lakin Amatuni həmin şəxslərin hansı ölkənin vətəndaşları olması barədə bir söz deməyib.
Qarabağda hansı xarici ölkə vətəndaşları ola bilərdi? Erməni mediası iddia edir ki, həmin 4 nəfər Fransa vətəndaşları olan ermənilərdirlər. Qarabağa qohumlarına baş çəkmək üçün gəliblər və yolun bağlanması səbəbindən geri qayıtmayıblar.
Əgər erməni mediasına inansaq bu versiya mümkündür və inandırıcıdır. Lakin BQXK həmin şəxslərin adlarını və hansı ölkə vətəndaşları olmasını açıqlamaması şübhələnmək üçün əsas verir. Bu səbəbdən də bəzi ehtimalları irəli sürmək daha doğru olardı.
Qarabağda son zamanlar İran və Rusiya vətəndaşlarının intensive şəkildə peyda olması sirr deyil. Bir qədər əvvəl rəsmi Bakı təsdiqləmişdi ki, İrandan Qarabağa 14 nəfər keçib. Onların kimliyi, hansı məqsədlə Qarabağa gəlmələri isə ayrıca mövzudur.
Rusiya vətəndaşlarının da Qarabağa gəlmələri gizli məsələ hesab edilmir. Lakin bu adamların hansı məqsədlə gəlmələri mühümdür.
Aydın məsələdir ki, istər İran, istərsə də Rusiya vətəndaşlarının davamlı olaraq Qarabağa gəlmələri xeyir məsələdən xəbər vermir. Əksinə, onların separatçılara dəstək üçün gəldikləri, bir sıra silahlardan istifadə üçün təlim keçdikləri istisna deyil. Nəzərə alaq ki, son günlər İrandan Ermənistana, oradan da Qarabağdakı separatçıları 600-ə yaxın tank əleyhinə raket və digər silahların göndərilməsi Azərbaycan tərəfindən təsdiqlənib.
O zaman BQXK-nın Qarabağdan çıxardığı 4 xarici vətəndaşın kimliyini dəqiqləşdirmək də problem olmamalıdır. Həmin şəxslər Qarabağdakı separatçılara təlim keçən, yeni silahlardan istifadəni öyrədən Rusiya və İran vətəndaşlarıdır. Onar Qarabağda vəziyyətin qarışdığını və yolların bağlanmasından narahat olduqları üçün aradan çıxmaq qərarı veriblər. Və bu zaman da BQXK-nin imkanlarından istifadə ediblər.
Tribuna.az









