Həm ekoloqların keçirdiyi aksiya, həm də bunun fonunda səsləndirilən bəyanatlar Qarabağın Azərbaycana birləşdirilməsi prosesinin sürətləndiyini göstərir. Yəni Azərbaycan indiki dönəmdə yataqlara nəzarəti təmin etməklə üç hədəfinə çatmaq istəyir.
Bu sözləri Tribuna.az-a siyasi şərhçi İlkin Həsənov deyib. O bildirib ki, bunlar separatçıların maliyyə qaynaqlarının nəzarətə götürülməsi, Qarabağdakı separatçılar və onların daxil olduğu klanlar arasında gərginliyi sürətləndirərək, başsız qalmalarını təmin etmək və Qarabağa nəzarət prosesinin təminini başlatmaqdır:
“Son proseslər və verilən açıqlamalar göstərir ki, Bakı öz məqsədinə çatmağa başlayır. Baş verənlər içərisində ən maraqlı proses isə Qarabağa qaz təminatının dayanmasıdır. Məhz bu amil Qarabağın Azərbaycana inteqrasiyası prosesində mühüm rol oynayacaq. Çünki qaz idxalının dayanmasından sonra bu bölgələrin qazla təminatının Azəriqaz vasitəsilə həyata keçirilməsi imkanları yüksələcək ki, buna da artıq hakimiyyət nümayəndələri səviyyəsində indidən eyham vurulur. Yəni bölgədə Azəriqazın ofisi olacaq, hər kəs Azəriqazla işləyəcək və bütün müəssisələr Azəriqaza möhtac olacaq. Bu isə separatçılar daxilində qüvvələr balansının dəyişməsi, sistemlərinin dağıdılmasının yekun mərhələsinin başlanması imkanlarını artıracaq”.
İ.Həsənov bildirib ki, Azəriqazın ardınca isə bölgəyə digər qurumların axını başlayacaq:
“Məhz gələn ilin bunun gerçəkləşməsi ehtimalı böyükdür. Bir sözlə hər şey ekoloqların aksiyasının nəticəsindən asılı olacaq. Lakin görünən odur ki, Qarabağın Azərbaycana struktur baxımından inteqrasiyası prosesinə tam start verilib. Bakı geosiyasi rəqabətin kəskinləşdiyi dönəmdə yaxşı oyun qurub”.
Nigar
Tribuna.az









