Belçikada “Gent” və “Qarabağ” arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu Şotlandiyadan olan Uilyam Kollum idarə edəcək.
Futbolpress.az xəbər verir ki, referi karyerasında ikinci dəfə Azərbaycan klublarının oyununa təyinat alıb.
Şotland hakim bundan əvvəl 2021-ci ildə Avropa Liqasının III təsnifat mərhələsində Bakıda keçirilən “Neftçi” – HİK matçını idarə edib. 4 qolun vurulduğu və qalibin müəyyənləşmədiyi matçda (2:2) referi 7 dəfə sarı vərəqə göstərib. Bunların 3-ü təmsilçimizin oyunçularına verilib.
Uilyam bir dəfə də Azərbaycan yığmasının oyunu idarə edib. O, Millətlər Liqasında ötən il baş tutan Slovakiya ilə səfər matçının baş hakimi olub. Həmin görüş millinin qələbəsiylə başa çatıb – 2:1. Azərbaycan yığmasının heyətində üç futbolçu bu görüşdə sarı vərəqə ilə cəzalanıb.
“Gent” – “Qarabağ” matçı fevralın 23-də olacaq. Komandalar arasındakı ilk oyunda “Qarabağ” qələbə qazanıb – 1:0.









