“QARABAĞ” “GENT”İ KEÇMƏK İSTƏYİRSƏ BU PROBLEMİ HƏLL ETMƏLİDİR

“QARABAĞ” “GENT”İ KEÇMƏK İSTƏYİRSƏ BU PROBLEMİ HƏLL ETMƏLİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamın “Qarabağ” klubu fevralın 16-da UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” kollektivi ilə qarşılaşacaq. “Köhlən Atlar” mərhələ adlamaq üçün heç bir problemi göz ardı etməməlidir.

Son dönəmlərdə Ağdam təmsilçisinin əsas problemlərindən biri, bəlkə də birincisi qapçıların etdiyi səhvlərdir. Buna nümunə kimi Şahruddin Məhəmmədəliyevin Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə matçda, Avropa Liqasının qrup mərhələsində “Nant”la oyunda etdiyi səhvləri, daha sonra Azərbaycan Premyer Liqasında “Zirə” ilə matçda edilən səhvi göstərmək olar.

Antalyadakı təlim-məşq prosesi zamanı qolu sınan Şahruddin Məhəmmədəliyevin əvəzediciləri də, bu uğursuz seriyanı davam etdirməkdədir. Söhbət gürcüstanlı Luka Quqeşaşvili ilə gənc qolkiper Amin Ramazanovdan gedir. Elə Antalya toplanışı zamanı keçirilən yoxlama görüşündə çərçivəni qoruyan Amin Ramazanov kobud səhvi ilə yadda qaldı. Topa çıxan zaman mövqe səhvi etdi və həmin epizodun davamında rəqib komanda qol vurdu.

Qış fasiləsindən sonra ilk rəsmi oyununu Tovuz səfərində keçirən “Qarabağ”ın qapısını gürcüstanlı çərçivə qoruyucusu Luka Quqeşaşvili qoruyurdu. Gürcüstanlı qolkiper də çıxışda edilən səhvlər seriyasını davam etdirdi. Cərimə meydançasına göndərilən topa uğursuz çıxış edən qolkiperin səhvindən sonra “Turan Tovuz” futbolçusu bu fürsəti əldən qaçırmadı və komandasının bərabərlik qolunu vurdu.

Artıq son dönəmlərin başlıca probleminə çevrilən qapıçı səhvləri üçün “Köhlən Atlar” hərəkətə keçməlidir. Yoxsa, “Gent”lə oyunda da bu problemə görə təmsilçimizin başı ağraya bilər. Hətta mübarizədən də kanarda qala bilər.

Nihat Kərimli

Tribuna.az