“Rusiyanın Xersondan qoşunlarını geri çəkmək qərarı danışıqlar masasına oturmaq üçün zəmin ola bilər. Bayden də buna işarə edərək bildirib ki, qışda Rusiya və Ukrayna kompromisə gələ bilər. O baxımdan ilin sonuna atəşkəsin əldə edilməsi istisna deyil, lakin müharibənin başa çatacağı anlamına gəlməməlidir”.
Bu fikirləri Tribuna.Az-a Türkiyədə fəaliyyət göstərən siyasi şərhçi Ramiyə Məmmədova rusların Xersondan geri çəkilməsi haqda danışarkən deyib.
Ekspertin fikrincə, ruslar 30 minlik qoşunla Dnepr çayının sağ sahilində biabırçı mühasirəyə düşəcəkdi, ona görə müdafiə naziri Sergey Şoyqu geri əmri verdi. Onun sözlərinə görə, ruslar Xersonu saxlaya bilmədi və bu ərazinin ilhaq edilməsinə baxmayaraq, rüsvayçı nəticə ilə üzləşdi:
“Putin Xersondan təxliyə fərmanı verəndə artıq bəlliydi ki, vəziyyət ağırdı. General Surovikin də etiraf etmişdi ki, Ukraynanın əks-hücumları qarşısında duruş gətirə bilmirlər. Bununla belə, Xersondan tam çıxış bir neçə həftə çəkə bilər. Ancaq bundan sonra tərəflər danışıqlara başlayacaqmı, bu sual olaraq qalır. Belə görünür ki, Qərblə Rusiya müəyyən danışıqlar aparır. Bu da müharibənin dayandırılması üçün atılan addımlardır. Ərdoğanın da Xerson açıqlamasından belə nəticə çıxarmaq olur ki, atəşkəs üçün müəyyən imkanlar yaranır”.
Nigar









