“Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi əsası yoxdur. Beynəlxalq təşkilatların qərəzli olduğunu bilirik. Amma biz özümüz necə, strategiyamızı düzgün qura, təmsilçilik və əməkdaşlıq etdiyimiz şəxslərilə bağlı doğru seçim edə bilirikmi?”
Tribuna.Az məlumat verir ki, hüquq müdafiəçisi, “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova belə şərh verib. Onun sözlərinə görə, Fransa Senatı, ardınca Avropa parlamentində erməni lobbisi əleyhimizə qətnamə qəbul etməyə hazırlaşır:
“Qalib ölkə olaraq daha çox işləməli, daha çox fədakarlıq nümayiş etdirməli, yorulmadan, usanmadan arzuladığımız nəticəni əldə etməyə çalışmalıyıq”.
Deputat Ceyhun Məmmədov bildirir ki, Fransa Ermənistanın yanında olduğunu ermənidən daha çox erməni kimi davranaraq göstərir: “Fransa prosesdə vasitəçi kimi iştirak edə bilməz, çünki məlum qətnamə BMT-nin qətnamələrinə, beynəlxalq hüquqa ziddir”.
Analitik Elxan Şahinoğlu sual edir ki, Fransada Azərbaycanın heçmi dostu yoxdur: “Fransadan bu illərdə nə qədər heyət Bakıya gəldi, qonaqlıqlar verildi, “dostluq və tərəfdaşlıq” haqqında tostlar deyildi. Heç biri işə yaramadı, səsləri çıxmadı, etiraz etmədilər, “Azərbaycan da bizim dostumuzdur” demədilər. Demək muzeylərin təmiriylə, bahalı qonaqlıqlarla, Parisin düz göbəyində Mədəniyyət Mərkəzinin açılmasıyla məsələlər həll olunmur”.










