PUTİNİN İRƏVAN SƏFƏRİ QARABAĞDA PROSESLƏRƏ NECƏ TƏSİR EDƏCƏK?

PUTİNİN İRƏVAN SƏFƏRİ QARABAĞDA PROSESLƏRƏ NECƏ TƏSİR EDƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin İrəvan səfərində qeyri-adi nüans axtarmağa dəyməz. Burada yeganə diqqət çəkən məqam Putinin səfər zamanı nə edəcəyi və erməni ictimaiyyəti üçün hansı mesajları ötürəcəyidir.
Bu sözləri Tribuna.Az-a siyasi şərhçi İlkin Həsənov bildirib. Onun sözlərinə görə, Rusiyanın Ermənistanda təsir rıçaqları güclü olsa da, nüfuzu getdikcə azalır:
“Bu isə onun gələcəyinin təhdid altında olması anlamına gəlir. Hazırda Ermənistanda əhalinin cəmi 30%-i Rusiyanı dost ölkə sayır və bu da mövcud administrasiyaya hərtərəfli sərf edir ki, Putinlə masaya bərabərhüquqlu tərəfdaş kimi otura bilsin. Kremli qıcıqlandıran məqam da budur.

Əgər Moskva Ermənistanı bərabərhüquqlu tərəfdaş kimi qəbul etsə, bu, Rusiyanın Qafqazda mövcudluğunun sonunu gətirəcək, çünki Qafqazın digər iki ölkəsi ilə Kremlin münasibətləri fərqli formatda qurulub. Ona görə də Putin İrəvanda daxili ictimaiyyətə kritik mesajlar verə bilər. Burada da hədəf Rusiyanın nüfuzunun qaldırılması, Kremlin ölkədə elitanın yenilənməsi və özünün istədiyi üçüncü qüvvənin ortaya çıxarması üçün zəminin hazırlanması olacaq”.

İ.Həsənov bildirib ki, bu istiqamətdə uğur qazana bilsə, ilin sonuna doğru İrəvanda, eləcə də Qarabağda proseslərin hərəkətliliyi artacaq:

“Uğur qazana bilməsə, Moskva digər variantları – yəni güc variantlarını nəzərdən keçirəcək ki, bunlar sırasında da müxtəlif hücumların, eləcə də hakimiyyətin güc yoluyla ələ keçirilməsinin təşkili ola bilər. Bir sözlə, Paşinyan tezliklə seçim etməli olacaq. Bu seçim isə Rusiya ilə Bakı arasında olacaq. Hər iki variant Ermənistana itki ilə başa gələcək. Amma bu seçim Ermənistanın gələcəyinin hansı istiqamətdə dəyişəcəyini müəyyən edəcək. Paşinyanın hakimiyyətini qoruyub saxlamağa daha çox üstünlük verdiyini nəzərə alsaq, indiki dönəmdə ona sərf edəcək istiqamət Bakı ilə olan münasibətləri düzəltməkdir. Çünki Bakıdan kənar seçiləcək istənilən variantın sonu çevriliş və müharibəyə gətirib çıxaracaq”.
Nigar