Amerika nümayəndə heyəti artıq gələn həftə Moskvaya gəlməlidir, Kreml rejiminin başçısı onları həftənin ilk yarısında gözlədiyini bildirib.
Rusiya prezidenti Vladimir Putin Qırğızıstanda keçirilən KTMT sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edib və bir neçə açıqlama verib.
Tribuna xəbər verir ki, bu barədə Rusiya təbliğat KİV-ləri məlumat yayıb.
Onun sözlərinə görə, Amerika nümayəndə heyəti artıq gələn həftə Moskvaya gəlməlidir.
Kremlin sahibi həmçinin onları həftənin birinci yarısında görməyi ümid etdiyini deyib.
O əlavə edib ki, “predmetli müzakirə” aparılacağı təqdirdə danışıqlar masasında Rusiya tərəfini XİN nümayəndələri, eləcə də Putinin köməkçiləri — Vladimir Medinski və Yuri Uşakov təmsil edəcəklər.
Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp 25 noyabrda bildirib ki, xüsusi nümayəndə Stiven Vitkoffa Moskva şəhərində Kreml rəhbəri Vladimir Putinlə görüşərək “sülh planının” son razılaşdırılmasını tapşırıb.
Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun artıq gələn həftə Putinlə görüşmək üçün Moskvaya səfər edəcəyini açıqlamışdı.
Xatırladaq ki, bu xəbərlərin fonunda Belarus diktatoru Aleksandr Lukaşenko rusiyalı “həmkarı” Vladimir Putinə Ukraynada müharibə ilə bağlı danışıqlarda vasitəçilik təklif edib.
Bundan əlavə, Lukaşenko Ukrayna Prezidenti Vladimir Zelenskiyə də Rusiya tərəfindən başladılan müharibənin bitməsi üçün “sülh planı” ilə bağlı “məsləhət” verib. Belarusun formal rəhbərinin sözlərinə görə, əgər Kiyev Ukraynanı mövcud sərhədlər daxilində saxlamaq istəyirsə, guya “danışmaq lazımdır, danışıqları pozmaq lazım deyil”.
İmran Kərimlı









