POLİTOLOQ : GÜRCÜSTANIN ÖZÜNƏMƏXSUS OYUNU VAR

POLİTOLOQ : GÜRCÜSTANIN ÖZÜNƏMƏXSUS OYUNU VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyi edə bilər. Onun sözlərinə görə, ölkəsi bu məqsədlə hər zaman Ermənistan və Azərbaycan arasında vasitəçi rolu oynamağa hazırdır.
Xarici İşlər Nazirinin sözügedən çıxışı haqqında TİA. Az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Gürcüstan bu addımla prosesdəki rolunu aktuallaşdırmaq istəyir:
“Gürcüstan rəhbərliyi bir müddət bundan əvvəl də Azərbaycan və Ermənistan qarşısında belə bir təşəbbüslə çıxış etmişdi ki, öz platformasını danışıqlar üçün təqdim edir. Hətta bu təşəbbüsün müəllifi Gürcüstan prezidenti idi. Ancaq hazırda sülh prosesi ilə bağlı bir neçə format var ki, onların mövcudluğu kifayət edir. Yəni Gürcüstanın burada vasitəçilik missiyası nəyi dəyişə bilər? Bir halda ki, Ermənistan istər Rusiyanın iştirakı ilə istərsə də Avropa İttifaqının apardığı danışıqlarda biz görürük ki, Ermənistan nə dərəcədə sobotoja meyllidir. Birmənalı şəkildə Azərbaycanla sülh müqaviləsini bağlamaq istəmir.
Gürcüstan bu proseslərdə nə edə bilər? Ötən əsrin əvvəllərində Zaqafqaziya Federasiyası vardı. Onun dağılmasında da ermənilər baiskar oldular. Çünki onlar həm Ermənistana həm də Azərbaycana ərazi iddiaları irəli sürürdülər. İndiki zamanda Ermənistan nə Türkiyə nə də Azərbaycanla birmənalı olaraq barışmaq istəmir, ABŞ, Avropa İttifaqı Türkiyəni zorla danışıqlara çəkirlər ki, siz Ermənistanla barışın. Bu, onların sadəcə istəyidir. R. T. Ərdoğan hələ ki, Türkiyənin prezidentidir və heç kim ona zorla heç nəyi təlqin edə bilməz. O cümlədən Azərbaycan prezidenti İlham Əliyev də bu qəbildəndir. Hər iki prezident mahir və güclü siyasətçilərdir. Gürcüstan burada bir iş görə bilər: Ermənistanla daha sıx əlaqə saxlayaraq ona anlatsın ki, Azərbaycan və Türkiyə ilə qarşıdurmasının davamı özünə zərərdir. Ermənistan əgər Gürcüstanın sözünü normal tərzdə qəbul edib anlayarsa, bu başqa məsələ. Amma buna inanmıram. Çünki Ermənistanın havadarları okeanın o tərəfində və Avropanın mərkəzindədir. Onlar Ermənistanı xüsusilə qidalandırır ki, Cənubi Qafqazda sabitlik pozulsun. Mən inanmıram ki, Gürcüstanın bu təşəbbüsü bir nəticə verə. İkincisi isə Azərbaycan özü lazımi formatlarda işi davam etdirir. Vaxtilə Azərbaycanın proseslə bağlı təşəbbüslərindən burun əyib çıxmaq istəyən elə Gürcüstan olub. Bir sözlə, Gürcüstanın özünəməxsus oyunu var. Zənn edirəm ki, Rusiyanın moderatorluğu, Brüssel formatının fonunda Gürcüstanın imkanları məhdud görünür. İnanmıram ki, bu təşəbbüs nəticə verə bilər”

TİA. Az