Meyxanaçı Rəşad Dağlının qonşusunu qətlə yetirməsi bu sənət adamlarının həyatını yenidən gündəmə gətirdi. Onların bir çoxu təkcə dedikləri meyxanalarla deyil, həm də yaşadıqları faciələrlə yadda qalıb.
Tribuna. Az xəbər verir ki, sağlığında məşhur meyxanaçılardan olan caz-meyxana janrının təməlini qoymuş Nizami Rəmzinin həyatı keçməkeşli olsa da, ölümü faciəli olub. O, 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu. Hətta onu meyxanaçı dostu Ağasəlim Çıldağın qəzaya uğratdığı deyilsə də, bu fikirlər təsdiqini tapmayıb.
Kifayət qədər pərəstişkarı olan və faciəvi şəkildə həyatına son qoyan meyxanaçı isə Məşədibaba olub. Ailə qurduğu əmisiqızının ondan ayrılması və yenidən barısmaması səbəbindən 39 yaşlı Məşədibaba Aydəmirov qayınatasının evinin qarşısında üstünə benzin tökərək özünü yandırıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq şairi xilas etmək mümkün olmayıb.
Qəzaya qurban gedən digər meyxanaçı isə Bayram Kürdəxanılı olub. Bayram Kürdəxanılı 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində toy mərasimindən evə qayıdarkən onu avtomobil vurub. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Məşhur meyxanaçı Vüqar Biləcərili də gənc yaşında ağır xəstəlikdən dünyasını dəyişib. O, 2020-ci il avqustun 29-da 32 yaşında uzun sürən qanqren xəstəliyindən sonra dünyasını dəyişib.
Azərbaycanın ən sevilən meyxanaçılarından olan və avazı ilə seçilən söz adamı Ağa Kərim də ağır xəstəliklə mübarizə aparan məşhurlardandır. Bir müddət şəkər xəstəliyindən əziyyət çəkən meyxanaçı, 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirdikdən sonra yataq xəstəsi olub. Ağır vəziyyətdə olan meyxanaçı hazırda heç kəsi tanımır.
Nigar









