Roblox Corporation 2026-cı ilin ikinci rübü üzrə açıqladığı maliyyə hesabatında gözləntiləri doğrultmayıb. Şirkət zəif nəticələri platformada yeni viral oyunların çatışmazlığı ilə əlaqələndirib.
Tribuna.az Dexerto nəşrininə istinadən xəbər verir ki, bu dövrdə şirkətin bazar dəyəri təxminən 70 milyard dollar, səhmlərinin qiyməti isə 70 faiz azalıb.
Hesabata əsasən, gündəlik aktiv istifadəçilərin sayı 2025-ci ilin üçüncü rübündə qeydə alınan 152 milyon nəfərdən 2026-cı ilin ikinci rübündə 123 milyon nəfərə düşüb. İstifadəçilərin platformadakı xərcləri isə illik müqayisədə cəmi 8 faiz artıb ki, bu da əvvəlki dövrlərlə müqayisədə xeyli zəif göstəricidir.
Şirkətin maliyyə direktoru Navin K. Çopra bildirib ki, oyunçular 2025-ci ilin gəlirli hit oyunlarından daha aşağı monetizasiyaya malik layihələrə üstünlük verməyə başlayıblar. Bundan əlavə, yeni tövsiyə sistemi qısamüddətli gəliri artırmaq əvəzinə, istifadəçilərin platformada uzunmüddətli qalmasına fokuslandığından gəlirlərə mənfi təsir göstərib.
Roblox Corporation 2026-cı il üzrə ümumi maliyyə proqnozunu açıqlamaqdan imtina edib. Analitik şirkət Morningstar isə nəticələri “çox zəif” qiymətləndirərək istifadəçi aktivliyi və xərclər üzrə demək olar ki, bütün əsas göstəricilərin pisləşdiyini vurğulayıb.
Ekspertlərin fikrincə, Roblox-un əsas problemi platformanın ayrı-ayrı viral oyunların uğurundan həddindən artıq asılı olmasıdır. Yeni populyar oyunlar meydana çıxmadıqda istifadəçilər platformada daha az vaxt keçirir və Robux adlı oyun daxili valyutaya daha az pul xərcləyirlər.
İmran Kərimli









