Niderlandda maraqlı və müzakirələrə səbəb olan hadisə baş verib. Patricia Reichman adlı 59 yaşlı bələdiyyə deputatı süni intellekt vasitəsilə öz rəsmi fotosunu ciddi şəkildə redaktə etdiyinə görə partiyadan uzaqlaşdırılıb.
Tribuna.az xəbər verir ki, hadisə Rotterdam şəhərində baş verib. Patricia Reichman yerli Leefbaar Rotterdam partiyasını təmsil edirdi. O, paylaşdığı rəsmi fotoda olduğundan xeyli gənc görünürdü.
Lakin qısa müddət sonra sosial şəbəkələrdə onun real görüntüləri yayılıb və istifadəçilər fotodakı şəxsin demək olar ki, tanınmaz olduğunu qeyd ediblər.
Deputat isə açıqlamasında bildirib ki, sadəcə şəkilin keyfiyyətini yaxşılaşdırmaq üçün onlayn alətdən istifadə edib. O həmçinin görünüşündəki dəyişiklikləri qəbul etdiyi dərmanlarla əlaqələndirib və fotonun həqiqətən özünə aid olduğunu vurğulayıb.
Buna baxmayaraq, qalmaqal daha da böyüyüb. Leefbaar Rotterdam rəhbərliyi hesab edib ki, təqdim olunan şəkil reallığı əks etdirmir və bu, ictimai etimadı zədələyir. Nəticədə ondan vəzifədən getməsi tələb olunub.
Patricia Reichman isə istefa verməkdən imtina edib. Bundan sonra partiya onun sıralarından çıxarılması ilə bağlı qərar qəbul edib. Rəsmi açıqlamada qeyd olunub ki, təqdim olunan məlumatların faktlara uyğun olmaması əməkdaşlığı mümkünsüz edir.
İmran Kərimli









