Naxçıvanın hakimi-mütləqi Vasif müəllimdən icazəsiz orada nəinki 132 mln. manat, heç 1320 manat da qazanmaq, oğurlamaq, mənimsəmək mümkün deyil.
Tribuna.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, ölkə müstəqillik qazanandan bəri ən çox şikayət olan, iş adamlarının dərisini soyan orqan Gömrük Komitəsi olub, amma hələ də bu qurumun böyük səlahiyyətli ayrıca bir Komitə kimi qalmağında israr edirlər:
“Deməli, kiçik Naxçıvanda mənimsənilən o 132 mln.-dan azı 20 dəfə böyük məbləğin ölkənin tamamında Gömrük yolu ilə həzm edilməsində maraqlı şəxslər var. Əksini sübut etmək istəsələr Komitəni ləğv edib, səlahiyyətlərini azaldıb kiçik bir idarə kimi ya İqtisadiyyat, ya da Maliyyə nazirliyinə birləşdirərlər”.
N.Cəfərli qeyd edib ki, komitəni hətta ləğv edib idarə kimi harasa birləşdirməklə də iş bitmir:
“Azərbaycanda gömrük işinin fəlsəfəsi kökündən səhvdir, qanunverici baza zaydır, yanaşma doğru deyil. Ona görə də, ilk olaraq 334 maddədən, hər maddənin də 3-5 alt bəndindən ibarət monst Gömrük Məcəlləsi ləğv edilməli, yeni, yığcam, çox sadə, biznes dostu məcəllə yazılmalı, rüsum siyasəti dəyişdirilməlidir.
Yəni, əvvəl oyun qaydaları, sistem dəyişməlidir ki, məmurların davranışları da dəyişsin”.
Nigar
Tribuna.az









