Məktəblərdə dərs deyən müəllimlərin çox təəssüf ki, 80 faizini qadınlar təşkil edir. Kişi müəllimlərin də orta yaş həddi 45-dən yuxarıdır. Məktəblərdə dərs deməyə heç bir gənc oğlan can atmır. Bu heç də yaxşı proses deyil.
Bu sözləri Tribuna.az-a təhsil eksperti Kamran Əsədov Milli Məclisin deputatı Aqil Abbasın məktəb müəllimlərinin şagirdi vurduğu üçün işindən azad edilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, dərsdə nadinclik edən uşağı vuran kişi müəllimin işdən azad edilməsi kişilər arasında onsuz da bu peşəyə az olan marağı daha da öldürür:
“Təhsildə kişi müəllimlərin sayının azlığından narahatıq və kişi müəllimlərin işə cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Onların nəqliyyat xərclərindən, kommunal xərclərdən azad edilməsi ilə bağlı adımmlar atılmalıdır. Doğrudur ki, bu gün şagirdlərin işlətdiyi telefonların qiyməti müəəlimin maaşının 3-4 qatıdır. Kişi müəllimlərin az olmasının bir səbəbi də müəllim əməkhaqqlarının azlığıdır”.
K.Əsədovun fikrincə, bu o demək deyil ki, müəllimlər şağirdə qarşı şiddət tətbiq edə bilər:
“Şagirdə qarşı hər hansısa zorakılığa yol vermiş müəllim mütləq şəkildə cəzalandırılmamalıdır. Qanunvericilikdə müəllimlərin hüquqları və vəzifələri ilə yanaşı, imtiyazları da olmalıdır. Ancaq bu da o demək deyil ki, istənilən müəllim şagirdi istədiyi vaxt cəzalandıra, döyə, vura bilər.
Təbii ki, uşaqlar dərsi pozur, səs salır, nadinclik edirlər. Ancaq bunu uşaq olduğuna görə edir. Sonuncu fakta görə, 30 illik iş təcrübəsi olan bir müəllimi uşağı döydüyü üçün işdən çıxarmaq olduqca ağır cəza oldu. Ancaq o döyülmədən sonra ciddi fəsad, ölüm halı da yaşana bilərdi. Bunun cəzası artıq müəllim üçün daha ağır ola bilərdi. İndiki halda müəəllimin uşağı döyməsini doğru hesab etmək olmaz. Ancaq işdən azad etmək də ağır cəzadır.
Müəllimlərin uşaqları təhsilə, tədrisə, nizam-intizaman cəlb etmək üçün əlində heç bir əsası, hüquqi baxımdan cəza meqanizmləri yoxdur”.
Nigar
Tribuna.az









