Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev barəsindəki cinayət işi ilə bağlı detalları açıqlayıb. DTX-nın yaydığı məlumatda Eldar Əmirovun 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə)maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiyi qeyd olunub.
Bəs kimdir Eldar Əmirov?
Eldar Qurban oğlu Əmirov 1985-ci ildə Bakıda anadan olub. O, əslən Ordubad rayonundandır. Eldar Əmirov siyasi elmlər üzrə fəlsəfə doktorudur, “İrəli” İctimai Birliyinin fəallarından olub.
15 fevral 2022-ci ildə Eldar Əmirov polisə müqavimətdə ittiham olunaraq saxlanılır. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib. Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Eldar Əmirov 30 sutka həbs edilib.
Ramiz Mehdiyev AMEA prezidentliyindən istefa verəndən sonra isə Eldar Əmirov Bakı Slavyan Universitetində müəllim kimi fəaliyyət göstərib.
Bəzi məlumatlara görə, Ramiz Mehdiyevin 2015-ci ildə çap olunan “Tarixi idrakın elmiliyi problemlərinə dair” və “Dünya nizamından nizamsızlığa doğru” əsərlərinin müəllifi əslində Eldar Əmirovdur.
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri işlədiyi vaxtlar sağ əlidir. 2019-cu ildə onu AMEA-ya gətirib. Ramiz Mehdiyev özünün inzibati-amiranə hakimiyyətini qurmaq məqsədi ilə AMEA-nın Nizamnaməsini, demokratik əsaslarını dağıdaraq, qeyri-qanuni AMEA Prezidentinin Katibliyini yaratmışdı. Eldar Əmirovu da həmin vəzifəyə rəis təyin etmişdi.
Eldar Əmirov həmçinin xüsusi maraqlar zəminində, özünə məxsus taktiki gedişlər əsasında AMEA-nın kadr siyasətini həyata keçirib, şübhəli reputasiya və qabilyyətə malik şəxsləri müxtəlif vəzifələrə yerləşdirib. O, hakimiyyətini gücləndirmək, bədniyyətli məqsədlərinə çatmaq üçün, qeyri-qanuni olaraq AMEA Rəyasət Heyəti Aparatının rəhbəri vəzifəsini təsis edib. Həmin vəzifəyə isə, ölkənin ali məktəblərinin birində kadrlar şöbəsinin müdiri vəzifəsində çalışan, akademik təfəkkürdən çox uzaq olan bir dostunu – Seyfəl Həsənovu yüksək maaş və səlahiyyətlərlə, xidməti nəqliyyat vasitəsi ilə təmin edib. Hələ bu azmış kimi AMEA-nın vitse-prezidentlərindən birinin kabinetini əlindən alıb və Seyfəl Həsənovun sərəncamına verib. AMEA işçilərinin, vəzifəli şəxslərin görkəmli alimlərin gözünü qırmaq, 37-ci il sayağı, qorxu-xof yaratmaq üçün Aparat rəhbəri Seyfəl Həsənovun sədrliyi, əvvəllər həbsdə yatmış, təhsili yalnız Azərbaycan Beynəlxalq Universitetinin diplomundan ibarət olan AMEA Prezidentinin köməkçisi Natiq Allahverdiyevin müavinliyi ilə daimi fəaliyyət göstərən “Fövqəladə Komissiya” yaradılçışdı. Ramiz Mehdiyev – Eldar Əmirov cütlüyünün nəzdində “speznaz” kimi fəaliyyət göstərən bu komissiya şikar kimi seçilmiş institutlara, təşkilatlara qəfil göndərilir, çeşidli korrupsioner əməllər “aşkarlanırdı”.
Həsən Ağa









