Moldova hökuməti “Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişi denonsasiya edib.
Tribuna.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərar Moldova Nazirlər Kabinetinin iclasında qəbul edilib.
“Hazırda insan alverinə qarşı mübarizə daha aktual beynəlxalq alətlərə, o cümlədən Avropa Şurasının Konvensiyasına, Avropa tərəfdaşları və İnterpolla əməkdaşlıq mexanizmlərinə əsaslanır. Müvafiq olaraq, biz artıq indiki reallıqları və mexanizmləri əks etdirməyən sazişdən imtina edirik”, – ölkənin daxili işlər naziri Daniela Misail-Nikitina bildirib.
Qərar rəsmi dərc edildikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Moldova rəsmi olaraq 2027-ci ilin aprelində MDB-ni tərk edəcək. Kişineu daha əvvəl MDB-nin əsas müqavilələrindən çıxıb, həmçinin digər sazişlərin denonsasiyasına başlayıb. Bununla belə, Moldova tərəfi 17 sazişdə iştirakını saxlamaq istəyini ifadə edib.









