Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda qayınanası tərəfindən öldürülən 33 yaşlı Rüzgar Eserin hadisədən əvvəl həyat yoldaşını ölümlə hədələdiyi görüntülər üzə çıxıb.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, barəsində uzaqlaşdırma qərarı olan Rüzgar Eser boşanma prosesində olduğu həyat yoldaşı Nurşin E.-nin yaşadığı evə gəlib. Çeliktepe məhəlləsində baş verən hadisə zamanı tərəflər arasında mübahisə yaranıb.
İddialara əsasən, Rüzgar Eser həyat yoldaşını silahla yaralayıb, daha sonra baldızı Betül E. və qayınanası Delal A.-ya hücum edib. Mübahisə böyüdükdən sonra qaynana Delal A. mətbəxdən götürdüyü bıçaqla kürəkənini sinəsindən bıçaqlayaraq öldürüb.
Ağır yaralanan Nurşin E. xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra ortaya çıxan görüntülərdə Rüzgar Eserin həyat yoldaşına ölüm təhdidləri etdiyi görünür.
Videoda onun – “Nurşin, 2-3 ay səbr et, səni öldürəcəyəm. Geri addım atma. İki aydan sonra o uşaq anasız-atasız qalacaq, uşaq evində böyüyəcək” dediyi əks olunub.
Gülşən Rəsul









