Koronavirusun mənşəyi ilə bağlı ABŞ-dan sensasion hesabat

ABŞ koronavirusun mənşəyi ilə bağlı materialları açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresi COVID-19 pandemiyasının mənşəyinə dair 520 səhifəlik yekun hesabatını dərc edib.

Tribuna.az Hi-Tech Mail.ru-ya istinadən xəbər verir ki, Sənəddə koronavirusun Çinin Uhan şəhərində yerləşən laboratoriyadan sızmasının pandemiyanın ən ehtimal olunan səbəbi olduğu bildirilir.

İki il davam edən araşdırma çərçivəsində 30-dan çox şahid dindirilib, bir milyondan artıq sənəd öyrənilib. Hesabatı hazırlayan Nümayəndələr Palatasının xüsusi altkomissiyası hesab edir ki, pandemiyanın ilk illərində ABŞ rəsmiləri və bəzi alimlər virusun təbii mənşəyi versiyasını dəstəkləyərək laboratoriya sızması ehtimalını kifayət qədər araşdırmayıblar.

Sənəddə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) keçmiş direktoru Robert Redfildin laboratoriya qəzası ilə bağlı mövqeyinə də yer verilib. Həmçinin ABŞ-ın EcoHealth Alliance təşkilatının prezidenti Piter Daszakın Konqresi yanlış məlumatlandırdığı iddia olunur. Bu məsələ üzrə ABŞ Ədliyyə Nazirliyi cinayət araşdırmasına başlayıb.

Hesabatda pandemiya dövründə tətbiq olunan bəzi məhdudiyyətlər də tənqid edilir. Komissiyanın qənaətinə görə, təxminən 2 metrlik sosial məsafə qaydasının kifayət qədər elmi əsaslandırması olmayıb. Sənəddə, həmçinin, məcburi maska taxılmasının yüksək effektivliyini təsdiqləyən inandırıcı sübutların olmadığı, uzunmüddətli lokdaunların isə iqtisadiyyata, insanların psixi sağlamlığına və həyat keyfiyyətinə ciddi mənfi təsir göstərdiyi vurğulanır.

Bununla yanaşı, hesabatda qeyd olunur ki, virusun laboratoriyadan sızmasını qəti şəkildə təsdiqləyən yeni bioloji sübutlar təqdim edilməyib. Nəticələr əsasən sənədlər, şahid ifadələri və əvvəllər dərc olunmuş materiallar əsasında hazırlanıb.

Komissiya, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) və bəzi ABŞ dövlət qurumlarını araşdırmaya mane olmaqda tənqid edib.

Bununla belə, sənəddə əks olunan nəticələr ABŞ Konqresinin xüsusi komissiyasının mövqeyini ifadə edir. COVID-19-un mənşəyi məsələsi elmi ictimaiyyətdə hələ də mübahisəli olaraq qalır. ÜST laboratoriya sızması versiyasını sübuta yetirilmiş fakt kimi tanımır və hazırda virusun mənşəyinə dair heç bir versiya qəti şəkildə təsdiqlənməyib.

İmran Kərimli