Əməkdar artist Bəhram Bağırzadənin bölgələrdən gələnlərin şəhər mühitinə uyğunlaşmaqda çətinlik çəkmələri, şəhər həyatına uyğunlaşa bilməmələri haqqında dedikləri müzakirələrə səbəb olub.
Tribuna.az xəbər verir ki, aktyorun bu fikirləri sosial şəbəkə cameasını iki yerə ayırıb. Bakılı oğlanın fikirlərini haqlı hesab edənlər də var, bu sözlərə görə ona qarşı çıxanlar da.
Jurnalist Vüsal Məmmədov mövzü ilə bağlı sosial şəbəkə hesabında yazıb ki, Bakı heç kimə atasından qalmayıb və hər bir Azərbaycan vətəndaşı gəlib burada yaşaya bilər:
“Amma hər kəndlinin iki inək satıb, “Prius”un ilkin ödənişini keçirib, gəlib Bakıda taksi sürməsi də iş deyil axı. Bu andır şəhər rezindən düzəldilməyib. Urbanizasiya belə getməməlidir. Normalda şəhərin mədəniyyəti, biznes mühiti, texnoloji səviyyəsi, sosial meyarları kəndə transformasiya olunmalıdır. Şəhər bu sadalananları qorumalı və inkişaf etdirməlidir. Amma inəyini satıb, “Prius”a ilkin ödəniş edənlər kənd yaşayış tərzini, sosial normalarını şəhərə daşıyırlar. Bəli, məncə də bu, düzgün proses deyil. Nəsə xəstə urbanizasiyadır. Hamı Bakıya gələ bilər, amma “gedim, gündə 12 saat taksi sürüm, 4-5 ildən sonra görək, necə olur” niyyətilə yox. Daha yaxşı təhsil, karyera dalınca Bakıya gəlmək, gələcəklə bağlı planlar qurub, həyata keçirmək isə hamının haqqıdır”.
Yazıçı Aqşin Yenisey isə məsələyə Muştafa Kamal Atatürkün sözlərilə münasibət bildirib:
“Atatürk də deyir ki, “köylü memleketin efendisidir!” Adam bilmir kimə inansın.
Jurnalist, teleparıcı Mir Səməd Cəfərli də reaksiya verib:
“İl oldu 2023, köhnə söhbətlər bitmir ki, bitmir də. Hər dəfə təkrarlanır şəhərli rayonlu mübahisəsi, mən çoxdan burada yaşayıram, sən sonradan gəlmisən, səndə şəhər mədəniyyəti yoxdur və ya çox gözüm atır Bakı üçün, işsizlik olmasa, burada nə işimiz var və sairə…

Hamısı dar düşüncədən yaranan boş söhbətlərdir. Onda istanbullu, moskvalı nə desin, Dubayda əvvəldən yaşayan nə desin? Başa düşmürlər ki, şəhər böyüdükcə, inkişaf etdikcə regionlardan olan axın bütün dünya şəhərlərinə xasdır?
İnanın indi özünü bakılı sayan insanların bir çoxunun cəddi əqrəbaları da nə vaxtsa bu şəhərə gələnlərdəndir. Mən rayonlu tanıyıram ki, Bakıya gəlib, öz həyat tərzi, davranışı ilə şəhərlidən qat-qat daha çox mədənidir, sivildir. Belə söhbətlər bütövlüyümüzə, həmrəyliyimizə də kölgə salır, ziyan vurur. Bəhramı 20 ildən çoxdur tanıyıram, belə qızğın rayon şəhər ayrıseçkiliyini təbliğ edən kimi görünməyib heç vaxt, ətrafındakı dostları, incəsənət sahəsində olan insanlar hamısı elə bakılılardır məgər?”.
Tribuna.az











