İtaliyada hakim “İtaliya Qardaşları” partiyası rəsmi yazışmalarda ingilis və digər xarici dillərdə sözlərin istifadəsini qadağan edir və cəzalandırmaq üçün yeni nizamnamə hazırlayıb.
Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, tənzimləməyə əsasən, xarici sözlərdən istifadəyə görə 100 min avroya qədər cərimə nəzərdə tutulur.
Parlamentdə müzakirəyə çıxarılacaq yeni tənzimləmə bütün xarici dilləri əhatə edir, lakin ingilis dili üçün italyan dilini “azaldır” şərhi səsləndirilib. Qanun layihəsində Böyük Britaniyanın artıq Avropa İttifaqının üzvü olmadığı da vurğulanıb.
Dövlət vəzifələrində çalışanların italyan dilinin yazılı və şifahi istifadəsini bilməli olduğunu qeyd edən qanun layihəsi, bütün rəsmi sənədlərdə, o cümlədən abreviatura və vəzifə mövqelərində ingiliscə sözlərdən istifadəni qadağan edir. Qanun layihəsi rəsmi yazışmalarda “CEO” və buna bənzər sözlərdən istifadənin qadağan edilməsini nəzərdə tutur.
Qanun layihəsinin birinci maddəsində əcnəbilər bir iş yerində işləsələr belə, italyan dilinin əsas dil olaraq təyin olduğu, pozuntu halında 5 min avrodan 100 min avroya qədər cərimələrin nəzərdə tutulduğu bildirilir.
Yeni qanunla Mədəniyyət Nazirliyinin tərkibində komitə yaradılacaq və məktəblərdə, mediada və reklamlarda “İtalyan dilinin düzgün istifadəsi” ilə bağlı işlərin aparılması planlaşdırılır.
İtalyan dilinin qorunması üçün hazırlanan qanun layihəsi hökumətin İtalyan mətbəxini qorumaq üçün hazırladığı qanun layihəsi ilə eyni vaxtda parlamentə təqdim edilib. Qanun layihəsi sintetik və süni qidaları qadağan etməklə yanaşı, “milli irsi və kənd təsərrüfatını qorumaq” məqsədi daşıyır.









