Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyədən ölkəyə qeyri-qanuni olaraq almaz daş partiyasının gətirilməsi faktını aşkarlayıb.
Tribuna.az SputnikArmeniya agentliyinə istinadən xəbər verir ki, İstanbul-İrəvan reysi ilə uçan sərnişin yükü daşımağa cəhd edib. O, sərnişinlərin keçdiyi, baqajında icbari bəyan edilməli mal olmayan “yaşıl dəhliz” xəttini keçib.
Sərnişinin cibindən 6 ədəd polietilen torbaya bükülmüş, ümumi çəkisi 14 qram olan almaza bənzər daşlar aşkar edilib.
Gömrükçülər baqaja baxış keçirən zaman içərisində çəkisi 29 qram olan almaz daşlarla dolu başqa çanta aşkar ediblər. Tapılan almaza bənzər daşların ümumi çəkisi təxminən 43 qram olub.
“Gömrük tənzimlənməsi haqqında” Qanunun 316-cı maddəsi ilə gömrük qaydalarının pozulması faktı üzrə protokol tərtib edilib.
Növbəti inzibati icraatı təmin etmək üçün iş materialları Ermənistan Dövlət Gəlirləri Komitəsinin hüquq şöbəsinə göndərilib.









