Tribuna.az xəbər verir ki, İspaniyanın Kataloniya bölgəsində, Pireney dağlarının qoynunda yerləşən tərk edilmiş kənd satışa çıxarılıb. Təxminən 30 hektar ərazini əhatə edən kəndin satış qiyməti 295 min avro müəyyən edilib.
Kənd Andorradan təxminən 18 kilometr məsafədə, İspaniyanın Lleida əyalətində yerləşir. Dağlar, şam meşələri, çəmənliklər və geniş təbiət mənzərələri ilə əhatə olunan əmlaka bir neçə yararsız vəziyyətdə olan tikili də daxildir.
Daşınmaz əmlakın ümumi torpaq sahəsi təxminən 30,2 hektardır. Keçmiş yaşayış məntəqəsinin tarixi mərkəzi isə 2 368 kvadratmetr ərazini əhatə edir. Buradakı tikililərin ümumi sahəsi təxminən 1 500 kvadratmetrdir.
Maraqlıdır ki, kənd ilk dəfə 2020-ci ildə 450 min avroya satışa çıxarılıb. Lakin alıcı tapılmadığından qiymət 155 min avro aşağı salınaraq 295 min avroya endirilib.
Bununla belə, gələcək sahibkarı ciddi xərclər gözləyir. Belə ki, kənddəki bütün tikililər əsaslı şəkildə yenidən qurulmalıdır. Ərazinin şəhər torpağı statusuna malik olması bərpa layihəsi üçün müəyyən imkanlar yaratsa da, tikinti işləri müvafiq icazələr və şəhərsalma tələbləri əsasında həyata keçirilməlidir.
Kəndin infrastrukturu da ciddi problemlərlə üzləşir. Əsas asfalt yoldan sonra əraziyə çatmaq üçün təxminən 2,5 kilometr meşə yolunu qət etmək lazımdır. Əmlak agentliyi adi avtomobillə hərəkətin mümkün olduğunu bildirsə də, SUV və ya yolsuzluq avtomobili tövsiyə edir.
Elektrik təchizatı isə ayrıca çətinlik yaradır. Ən yaxın elektrik dirəyi kənddən düz xətt üzrə təxminən 2,5 kilometr məsafədə yerləşir. Su məsələsində ərazidə təbii bulaq və gölməçə olsa da, onların da bərpasına ehtiyac var.
Kəndin satışını həyata keçirən Aldeas Abandonadas daşınmaz əmlak agentliyi təhlükəsizlik və mümkün talan hallarının qarşısını almaq məqsədilə yaşayış məntəqəsinin adını və dəqiq yerləşdiyi ünvanı açıqlamır.









