Mircavadov “Sabah”ın məğlubiyyətinin səbəblərini açıqladı

Mircavadov “Sabah”ın məğlubiyyətinin səbəblərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 25-də Bakıda keçirilən UEFA Çempionlar Liqasının V turu çərçivəsindəki qarşılaşmada “Sabah” İspaniyanın “Barselona” klubunu qəbul edib. Görüş qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Barselona”nın heyətində Entoni Qordon dubl edib, Kərim Adeyemi və Qabriel Jesus fərqlənib. “Sabah”ın yeganə qolunu isə Joy-Lens Mikels vurub.

Bu qarşılaşmanın nəticəsi ilə yanaşı, Azərbaycan təmsilçisinin Avropanın nəhəng klublarından birinə qarşı nümayiş etdirdiyi oyun və buraxılan səhvlər də müzakirə mövzusu olub.

Tribuna.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov Herbiand.az-a açıqlamasında “Sabah”ın “Barselona” ilə qarşılaşmasını, komandanın oyun ərzindəki çıxışını, qol imkanlarını dəyərləndirib:

“Düzü, bu komandanın bütün oyunlarda eyni səviyyədə çıxış etməsinə fikir vermək lazımdır. Mən elə düşünürəm ki, “Sabah” “Borussiya Dortmund”la oynayanda da ilk 15 dəqiqədə özünə gələ bilmədi, burada da eyni hal yaşandı. Əgər oyunları 15 dəqiqəlik intervallara bölsək, “Sabah”ın ilk 15 dəqiqədə və ikinci hissənin 45-60-cı dəqiqələri arasında, yəni ikinci hissənin ilk 15 dəqiqəsində qollar buraxdığını görərik. Mən elə düşünürəm ki, buna diqqət yetirmək lazımdır. Hər 15 dəqiqədə nələrin baş verə biləcəyini və nələrin edilməli olduğunu düşünmək vacibdir. Çünki “Barselona”nın gənc futbolçuları olmasına baxmayaraq, futbol bilikləri həddindən artıq yüksəkdir və topla çox gözəl işləyirlər. Onlara şans vermək lazım deyil. Amma “Sabah”-ı da qınamaq olmaz. Onların ikinci 15 dəqiqədə də qol vəziyyətləri oldu, iki çox gözəl qol şansları yaratdılar, lakin istifadə edə bilmədilər. Digər oyunlarda da qol vəziyyətləri olurdu. Bu da düşündürücü məqamdır. Qol vuran hücumçunun olması əsas amillərdən biridir. Hazırda “Sabah” öz oyununu oynadı. Futbolçuların gücü bu səviyyədədir. Bir də yaddan çıxarmayaq ki, “Sabah”ın futbolçuları mötəbər turnirdə, belə deyək, xarici oyunlarda ilk dəfə çıxış edirlər. Bu, həyəcanla da bağlı ola bilər. Futbolçu həyəcanını idarə edə bilməyə bilər. Bu, adi haldır və bunu nəzərə almaq lazımdır. Təcrübə baxımından da komandada çatışmazlıqlar var. Əgər daha çox təcrübə olsaydı, mən deyərdim ki, həm “Borussiya Dortmund”, həm “Vikinq”, həm də “Barselona” ilə oyunlardan xal qazanmaq mümkün olardı. Hazırda “Sabah” öz oyununu oynadı və bu, əsas amillərdən biridir”. “Barselona” forması ilə stadiona gələn azarkeşlərə münasibət bildirən Ağasəlim bəy qeyd edib ki, bu, tamamilə anlaşılan haldır: “Azərbaycanda “Barselona”nın çox böyük azarkeş kütləsi var. Azarkeşin stadiona “Barselona” forması ilə gəlməsi, lakin ürəyində “Sabah”a dəstək olması təbii haldır. Buna görə də xüsusi narahatlıq keçirməyə və məsələni qabartmağa ehtiyac yoxdur”.