Mask ABŞ-dəki hər uşağa iki SpaceX səhmi verəcək – təşəbbüsün dəyəri 18 milyard dollardır

Mask ABŞ-dəki hər uşağa iki SpaceX səhmi verəcək – təşəbbüsün dəyəri 18 milyard dollardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Mask ABŞ-dəki hər bir uşağa kosmik şirkət SpaceX-in iki səhmini hədiyyə etməyi planlaşdırır. Hər uşağa veriləcək səhmlərin ümumi dəyəri təxminən 255 dollar olacaq.

Tribuna.az  xəbər verir ki, bu barədə sahibkar sosial şəbəkə hesabında paylaşım edib.

Maskın açıqlamasına görə, səhmlərdən biri SpaceX tərəfindən, digəri isə şəxsən onun özü tərəfindən veriləcək. Şirkətin ayıracağı səhmlərin gələn ay, Maskın şəxsi səhminin isə 2027-ci ilin iyununda, səhmlərin satışına qoyulan məhdudiyyət başa çatdıqdan sonra köçürülməsi nəzərdə tutulur.

“Reuters” agentliyinin məlumatına görə, noyabrın 25-də ticarət sessiyasının sonunda bir SpaceX səhminin qiyməti 127,44 dollar təşkil edib. Bu qiymətlə hər uşağa veriləcək iki səhmin dəyəri 254,88 dollara, təşəbbüsün ümumi dəyəri isə təxminən 18,35 milyard dollara çatır.

Lakin səhmlərin paylanması ilə bağlı müəyyən şərtlər var. SpaceX şirkətin ayıracağı səhmlərin ABŞ-də uşaqlar üçün nəzərdə tutulan “Trump Accounts” adlı investisiya hesablarına köçürüləcəyini açıqlayıb. Hazırda ölkədəki təxminən 72 milyon uşaqdan 70 milyona yaxınının belə hesabı açılıb.

Bu o deməkdir ki, hesabı aktivləşdirilməyən uşaqlar səhmləri avtomatik əldə etməyəcəklər. Eyni zamanda, Maskın şəxsən verəcəyi səhmlərin də həmin hesablara köçürülüb-köçürülməyəcəyi hələ tam aydın deyil.

Maliyyə ekspertləri hesab edirlər ki, bu təşəbbüs uzunmüddətli perspektivdə ABŞ-də yeni investor nəslinin formalaşmasına və fond bazarına marağın artmasına səbəb ola bilər.

Qeyd edək ki, SpaceX-in prezidenti Qvin Şotvel və həyat yoldaşı da daha əvvəl “Trump Accounts” proqramı çərçivəsində 2 milyondan çox uşağa şirkətin səhmlərindən hədiyyə etməyi vəd ediblər.

Maskın təşəbbüsü süni intellekt sahəsində fəaliyyət göstərən Anthropic şirkətinin qərarı ilə də müqayisə olunur. Belə ki, şirkət səhmlərinin 5 faizini ictimai fayda məqsədləri üçün yaradılan xüsusi fonda ayırmağı planlaşdırır. Hazırkı bazar qiymətləri ilə bu payın dəyəri təxminən 54 milyard dollar hesablanır.

Məlumat üçün bildirək ki, “Berkshire Hathaway” şirkətinin fəxri sədri Uorren Baffet indiyədək təxminən 60 milyard dollar, Bill və Melinda Qeyts Fondu isə 2000-ci ildə yaradıldıqdan sonra 100 milyard dollardan çox vəsait xeyriyyə məqsədlərinə yönəldib.

Cəmi iki səhm – amma milyonlarla uşaq üçün gələcəkdə böyük investisiyanın başlanğıcı ola bilər.

İmran Kərimli